Pezeşkian şifrələri açdı: ABŞ-a savaş, Avropaya barış – İran yeni siyasətini elan etdi

pezeskian

İran Prezidenti Məsud Pezeşkian “Tehran Tayms” qəzetinə verdiyi müsahibədə dünya ictimaiyyətinə müraciət edib. O qeyd edib ki, ABŞ reallığı görməli və birdəfəlik başa düşməlidir ki, İran təzyiqlərə cavab vermir.

O, nüvə silahı məsələsinə də toxunaraq, İranın müdafiə doktrinasında nüvə silahı olmadığını bildirib: “İran nüvə silahı əldə etmək istəmir. Tehran qonşuları ilə əlaqələri genişləndirməyi və Avropa ilə əlaqə qurmağı planlaşdırır”.

Məsud Pezeşkiannın dünya ictimaiyyətinə verdiyi mesaj nədən xəbər verir? O, bu açıqlama ilə əslində hansı məqsədləri gizlədir? Onun rəhbərliyində İran xarici siyasəti necə formalaşacaq?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İranın seçilmiş prezidentinin gələcək siyasəti Şərqə daha da yaxınlaşmaq, Qərbdən maksimum uzaqlaşmaqdır:

“İranın yeni seçilmiş prezidenti cümə günü NATO sammitində Çin, Rusiya və ölkəsinin birmənalı tənqidinə etiraz edib. Bir gün sonra Şərq ölkələrini tərifləyən və Qərbə qarşı İran hökumətinin buna qədər də mövcud olan nifrətini bir daha təsdiqlədi. Bu bəyanatla Pezeşkian quracağı hökumətin xarici siyasət konturlarını da göstərmiş oldu.

mesud pezeskiyan kimdir

Məsud Pezeşkianın məktubu İranın Rusiya və Çinə daha da yaxın olmağa çalışdığı və Avropa İttifaqı ilə ABŞ-dan uzaqlaşmaq xətti götürdüyünün daha bir əlamətidir. Amma buna qədər seçkiqabağı çıxışlarında o, İsraildən başqa, yerdə qalan bütün ölkələrlə konstruktiv əlaqələr qurmağa söz verirdi.

Pezeşkianın “Yeni Dünyaya Mesaj” adlı məqaləsində deyilir: “Çin və Rusiya çətin günlərimizdə daim bizimlə olublar. Yeni qlobal nizama doğru irəlilədikcə Pekinlə daha geniş əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Mənim administrasiyam Rusiya ilə də əməkdaşlığımızı genişləndirmək və inkişaf etdirmək öhdəliyinə sadiq qalacaq”.

Bu bəyanat yeni prezidentin həm də İslam Respublikasının ilk Ali Rəhbəri Ruhullah Xomeyni tərəfindən 1979-cu ildə inqilabdan sonra irəli sürülən “Nə Şərq , nə də Qərb” doktrinasından əl çəkərək Şərqə meyl etdiyini təsdiq edir”.

Ekspert deyib ki, Rusiya və Çinə minnətdarlıq ifadəsi ilə yanaşı Pezeşkianın məktubunda Qərbə soyuq münasibət bəslədiyi də aydın görünür:

“O, ABŞ və Avropanı İran iqtisadiyyatına “yüz milyardlarla dollar ziyan vurmaqda” və “İran xalqına misilsiz iztirablar, ölümlər və dağıntılar” gətirməkdə günahlandırır.

“ABŞ və onun Qərb müttəfiqləri nəinki regionda və dünyada gərginliyi azaltmaq və idarə etmək üçün tarixi fürsəti əldən verdilər, həm də Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) ciddi şəkildə pozdular. Nüvə silahlarının yayılmaması rejimi onun təklif edə biləcəyi faydalardan üstün hesab olunmalıdır”.
Pezeşkian bütün bunlarla yanaşı “Mən Avropa ölkələri ilə konstruktiv dialoqa girməyi səbirsizliklə gözləyirəm, avropalılar iranlıların hüquq və ləyaqətinə artıq göz yuma bilməyəcəyini başa düşməlidirlər” deyib.

Yeni prezident ən sərt mesajı ABŞ-a ünvanlayır: “Birləşmiş Ştatlar da reallığı dərk etməli, İranın təzyiqlərə boyun əymədiyini və bundan sonra da etməyəcəyini birdəfəlik başa düşməlidir”.

Pezeşkian məktubunda qonşu ölkələrə də çağırış etməyi unutmayıb. Onun qonşulara müraciəti gələcəkdə həyata keçirəcəyi siyasətində özünə qədər olan prezidentlərin siyasətdən fərqlənməyəcəyini sübut edir. “Mənim hakimiyyətim zamanı biz qonşularımızla münasibətlərin möhkəmləndirilməsinə üstünlük verəcəyik. Biz tək bir ölkənin digərləri üzərində hegemonluq və dominantlıq etməsinin əvəzinə, güclü region yaradılmasını müdafiə edəcəyik. Qəti şəkildə inanıram ki, qonşu və qardaş xalqlar öz dəyərli resurslarını soyğunçu, silahlanma yarışlarına və ya əsassız olaraq bir-birlərini işğal etməyə sərf etməməlidirlər”.

elimusa oz

Əlimusa İbrahimov

Ə.İbrahimov hesab edir ki, İranın yeni prezidentinin bu bəyanatı ABŞ-ın onun seçilməsi ilə bağlı verdiyi bəyanata cavabdır:

“Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü İrandakı seçkilərdən dərhal sonra Vaşinqtonun İrana münasibətinin dəyişməyəcəyini bildirmişdi. Bundan sonra isə NATO-nun 75 illiyinə həsr olunmuş sammitdə də İran heç də müsbət prizmadan müzakirə olunmadı. Bütün bunlar Pezeşkianın adekvat cavab verməsini tələb edirdi.

Görünən budur ki, İranın yeni seçilmiş islahatçı prezidentinin gələcəkdə apardığı siyasət konservatorların yeritdiyi siyasətdən elə də ciddi fərqlənməyəcək. Bəs seçkiqabağı kampaniya zamanı verilən vədlər?

Hələlik bütün bunlara birmənalı cavab vermək çətindir. Amma Pezeşkian ilk bəyanatı ilə sanki onu prezident kürsüsünə qədər buraxan ali dini liderə minnətdarlıq bildirmək yolunu tutub”.

Turan Rzayev
Globalinfo.az