Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini öz iqamətgahında qonaq edib.
Globalinfo.az xəbər verir ki, Petrosyan söhbət zamanı Rusiyanın Cənubi Qafqazda mövcudluğunu “zəruri” adlandırıb.
Keçmiş prezidentin səfirlə söhbəti bir saatdan çox davam edib. Onlar Ermənistan–Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının vacibliyindən danışıblar.
“Rusiyanın Zaqafqaziyada olması təcili zərurətdir və tarix tərəfindən təsdiqlənmiş reallıqdır. Ermənistanın vicdanlı və etibarlı dostları Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, yaxın gələcəkdə isə Çin və Hindistandır”, – Petrosyan vurğulayıb.
Qeyd edək ki, keçmiş prezidentin Korpırkini iqamətgahında qəbul etməsi və Rusiya ilə bağlı açıqlamaları müzakirələrə səbəb olub. Bu, Moskvanın keçmiş hökumət rəhbərləri ilə əlaqəyə keçdiyi və mövcud Ermənistan rəhbərliyini devirməyə çalışdığına dair iddiaları gücləndirib.
Əliyar Xəlil
Globalinfo.az














