Pentaqon “F-35” qırıcısı ilə bağlı illik hesabatın dərcini qadağan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ-ın Hesablama Palatasına (GAO) istinadən məlumat yayıb.
Məlumata görə, 20 ildən artıq müddətdə ilk dəfədir ki, Pentaqon F-35 proqramına dair illik hesabatın ictimaiyyətə açıqlanmasına icazə vermir. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, sənəddə “nəzarət olunan, lakin məxfi qalmayan məlumatlar” yer aldığından onun dərci mümkün deyil.
“Bu, satınalmalarla bağlı icmallarımız arasında ilk haldır ki, açıqlanması məhdudlaşdırılan məlumat aşkarlanıb”, – deyə qurum rəsmisi bildirib.
Hesabatın redaktə olunan versiyası yalnız ABŞ Konqresinin müdafiə məsələləri üzrə dörd komitəsinin üzvlərinə təqdim edilib.
Qeyd edək ki, “F-35 Lightning II” beşinci nəsil, təkmühərrikli, səsdən sürətli, çoxməqsədli və radarlara az görünən döyüş təyyarəsidir.
ABŞ Hesablama Palatasının məlumatına görə, “F-35” proqramının ümumi ömür dövrü üzrə xərclərinin təxminən 1,6 trilyon ABŞ dolları olacağı proqnozlaşdırılır.
Əliyar Xəlil