Pentaqon regiona girmək üçün bəhanə gəzir – ABŞ “Azərbaycanı müdafiə edəcəyik” deyirsə…

Pentaqon regiona girmək üçün bəhanə gəzir - ABŞ “Azərbaycanı müdafiə edəcəyik” deyirsə...

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə jurnalistin “İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya ABŞ-ın mövqeyi necə olacaq?” sualına belə cavab verib:  “İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik”.

Maraqlıdır, ABŞ həqiqətən də İran qarşısında Azərbaycanın yanında olacaq? İranı zərərsizləşdirmək üçün ABŞ hansı real addımlar atmalıdır? Bəyanatdan real əmələ keçilərsə bölgədə nə baş verər?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən konfliktoloq Azad İsazadə deyib ki, bu gün Yaxın Şərq regionunda ABŞ üçün ən böyük təhlükə yarada biləcək ölkə İrandır:

“İran faktiki olaraq regionun digər ölkələri İsrail, Azərbaycan, Səudiyyə Ərəbistanına qarşı da aqressiv xarici siyasət yürüdür. İranın neqativ aktivliyi digər ölkələr Livanda da, İraqda da, Yəməndə də görünür. Buna görə də rəsmi Vaşinqton Yaxın Şərqdə İranı özü üçün əsas başağrısı olaraq görür.

Bizim region hər nə qədər postsovet məkanında Cənubi Qafqaz adlansa da ABŞ üçün Yaxın Şərq kimi qiymətləndirilir. Buna görə də ABŞ İran qarşısında Azərbaycana dəstək verə bilər”.

Azad İsazadənin sözlərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın verdiyi cavab özlüyündə dəstək mahiyyəti kəsb edir: “Düzdür, ABŞ birbaşa Azərbaycan Silahlı Qüvvələrinə silah və ya maliyyə yardımı etməsə də büsbütün yardım etməyəcək deyə bir şey də yoxdur. Misal üçün, bu gün ABŞ Azərbaycanın Dövlət Sərhəd Xidmətinə texnika yardımı edib. Bundan başqa, neçə il bundan öncə ABŞ cənub sərhədlərimiz boyu radiolokasiya stansiyaları qurub. Bu radiolokasiya stansiyaları cənubdan gələcək istənilən raket zərbələrindən qorunmaq üçün effektiv vasitədir.

Onu da qeyd edim ki, rəsmi Vaşinqton son illərdə Aralıq dənizi donanmasını da kifayət qədər genişləndirib. Bu da İrandan gələcək ehtimal təhdidlərin qarşısını almaq üçün atılan addımdır.

ABŞ-ın regionda konkret iqtisadi-siyasi maraqları var. Vaşinqton bu maraqlarını heç vaxt təhlükəyə atmaz”.

Politoloq Vaqif Hüseyn isə qeyd edib ki, bu gün ABŞ üçün İrandan real təhdid olarsa, şübhəsiz, Vaşinqton Tehrana qarşı Bakı ilə əməkdaşlıq edəcək: “Regiona cəmləşdiriləcək əlavə silah və hərbçi baxımından Azərbaycan hab rolunu oynaya bilər.

ABŞ-ın regionda geostrateji və geoiqtisadi maraqları var. Vaşinqton heç vaxt bu maraqlarını təhlükə altına atmaz. Bu mənada İran Bakıya qarşı hücum və ya bənzər addım atsa, qarşısında təkcə ABŞ-ı deyil, həm də İsrail və Türkiyəni görəcək. Hətta deyərdim, İran qarşısında Rusiyanı da görəcək. Çünki Azərbaycanla bağlı məsələ İran ilə Rusiya arasında 1828-cı ildə Türkmənçay sülh müqaviləsi ilə tənzimlənib”.

Pentaqon regiona girmək üçün bəhanə gəzir - ABŞ “Azərbaycanı müdafiə edəcəyik” deyirsə...

Globalinfo.az xatırladır ki, ABŞ indiyədək istənilən ölkəyə, regiona müxtəlif bəhanələrlə girib. Pentaqon Yaxın Şərqə girmək üçün hansı bəhanəni tapdısa, Cənubi Qafqaza da hərbi yolla girmək üçün İrandan yaxşı bəhanə tapa bilməz. İnanırıq ki, ABŞ-ın, NATO-nun, bir başqa gücün regionumuza hərbi müdaxiləsinə gərək qalmayacaq. Yoxsa burda vəziyyət daha mürəkkəb şəkil alar. İndiyədək ABŞ-ın və müttəfiqlərin xilaskar obrazında girdikləri ölkələrdə, regionlarda qan su yerinə axıb. Nə terror aradan qalxıb, nə sabitlik bərpa edilib. Eyni aqibəti yaşamamaq üçün öncə İran məsuliyyətli davranmalı, siyasi hikkəsinə yenik düşməməlidir.

Turan Rzayev,

Globalinfo.az