Paşinyanın ümidlə baxdığı türk bayrağı – baş nazirin bəyanatına Bakıdan cavab

Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında Türkiyə ilə münasibətlərin normallaşmasından bəhs edib. O hesab edir ki, Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkan var. Paşinyan “Ermənistan xarici işlər nazirinin fevralda Ankaraya səfəri zamanı dalğalanan bayraqlar sadəcə protokol atributları deyil, ümidsizliyin hökm sürdüyü yerdə ümidin yenidən doğulduğuna dair bəyanatdır” deyib.

Eyni zamanda Ermənistanın Baş naziri ümid edir ki, yaxın gələcəkdə ölkələr arasında sərhəd açılacaq və iki qonşu arasında normal münasibətlərin əsası qoyulacaq.

Maraqlıdır, Paşinyanın bu sözləri nə qədər səmimidir? Ermənistan-Türkiyə münasibətləri tam normallaşa bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında növbəti dəfə manipulyasiya xarakterli fikirlər səsləndirib:

“Paşinyanın Türkiyə ilə bağlı fikirləri qeyri-səmimidir. Çünki iki ölkə arasında sərhədlərin bağlanmasının obyektiv səbəbləri var. Hansı ki, bu səbəbləri başda Paşinyan olmaqla erməni tərəfi çox yaxşı bilir.

İndiki məqamda Paşinyan bu sözləri ilə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyinə dair fikir formalaşdırmaq istəyir. Əslində bütün bu fikirlərin arxasında real addım yoxdur. Yəni Ermənistan tərəfi verdiyi bəyanatları icra etmir və ümumiyyətlə bu istiqamətdə addım atmır. Siyasi şıltaqlıqlarından əl çəkməyən rəsmi İrəvan Azərbaycanla sülh prosesini uzatmağa çalışır.

Xəyal Bəşirov

Paşinyan bayraq məsələsini dilə gətirərkən düşünməli idi ki, Türkiyənin ən yaxın dostu, strateji tərəfdaşı və müttəfiqi olan Azərbaycanın bayrağı Ermənistanda bütün dünyanın gözü qarşısında canlı yayımda yandırıldı. Bu hadisə baş verərkən Türkiyə bayrağı da orda dalğalanırdı və Türkiyə nümayəndəliyi də bu prosesi izlədi.

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını bir halda görə bilər ki, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından əl çəkib düşmən münasibətini dayandırsın. Sülh əldə edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baş tutmayacaq”.

Turan Rzayev
Globalinfo.az