Ordumuzun hərəkətini gizlədən erməni general – Ona nə vəd edilib?

“Sabiq müdafiə naziri general Arşak Karapetyanla Baş nazir Nikol Paşinyan arasında ədavət çoxdandır var. Son günlər ikili arasında gərginliyin pik həddə çatması isə Karapetyanı müdafiə edən xarici qüvvələrin olması ilə bağlıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Ermənistan Baş naziri Nikol Paşinyan və sabiq müdafiə naziri general Arşak Karapetyan arasında qarşılıqlı ittiham dolu yazışmaların üzə çıxmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan sabiq müdafiə naziri Arşak Karapetyanı Azərbaycan ordusunun hərəkəti və irəliləməsi barədə məlumat verməməkdə ittiham edir:

“Paşinyan iddia edir ki, Karapetyan məhz 2021-ci ilin may-noyabr aylarında qısa müddətlik müdafiə naziri olarkən ona səhv məlumatlar verib. Karapetyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sakit olduğunu dediyi halda əslində kifayət qədər gərginlik hökm sürürdü. Paşinyan itirilən bir çox mövqe ilə bağlı Karapetyanın onu məlumatlandırmadığını, ya da bu işdə birbaşa onun iştirak etdiyini iddia edir.

Ümumiyyətlə, bu ikili bu gün bir-birini ciddi şəkildə tənqid edir. Xüsusilə də yuxarıda qeyd etdiyim xüsuslarda açıq ittihamlar var. Lakin işin əsli belədir ki, Karapetyan onu dəstəkləyən və himayə edən xarici qüvvəyə güvənir. Mümkündür ki, ona bu və ya hansısa formada ciddi bir vəzifə vəd olunub. Bu şəxs ümumiyyətlə çox ambisiyalıdır.

Karapetyan-Paşinyan gərginliyi, xüsusilə onların yazışmalarının üzə çıxdığı indiki məqamda Ermənistan ictimaiyyətini ciddi narahat edir. Karapetyanın günü-gündən güclənməsi, nüfuz qazanması Paşinyan üçün ciddi riskdir”.

Turan Rzayev
Globalinfo.az