Paşinyanın deputatı: Əliyevin tələbini icra edirik

Ruben Vardanyan fevralın 23-nə qədər “istefaya” getməlidir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Qagik Melkonyan deyib.

Melkonyanın sözlərinə görə, bu addımla Azərbaycan Prezidenti İlham Əliyevin tələbi yerinə yetirilsə belə, Vardanyanın istefası doğru addımdır:

“Əgər bütün problem Rubenin Qarabağda olmamasıdırsa, oradakı “hakimiyyət” ona “vəzifəsindən” getməsi gərəkdiyini deməlidir. Vardanyanın gedişi təkcə Laçın yolunun açılmasına kömək etməyəcək, həm də Qarabağda bölünmə məsələsini həll edəcək. Soruşun görək onu kim Qarabağa göndərib və nə məqsədlə gəlib? Qarabağda niyə parçalanma yaradılıb? Əlbəttə ki, ruslar göndərib, başqa kim ola bilər?”

Melkonyan Vardanyanın rusların tapşırığını yerinə yetirdiyini söyləyib:

“Qarabağda “ikihakimiyyətlilik” var. Lakin Araik Arutyunyan Moskva səfərindən sonra dərk etdi ki, əgər nəsə etməsə, onun sonu çatacaq. Ona görə də “idarəçiliyi” yenidən əlinə alır”.

İlkin Həsənov
Globalinfo.az