“Nikol Paşinyanın Rusiyaya səfərini geri çəkilmə hesab etmək olar. Lakin Paşinyan lap əvvəldən səhv siyasət yürüdüb”.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan səsləndirib:
“Əgər hər hansısa bir təşkilatın tamhüquqlu üzvü kimi onun tədbirlərində iştirak etmirsinizsə, öz rıçaqlarınızdan yararlanaraq bu təşkilatın qərarlarına təsir göstərmirsinizsə, o zaman boykot etməyin mənası nədir?. Əgər atdığınız addımları düzgün sayırsınızsa, o zaman təşkilatı tərk edin. Yox əgər təşkilatda qalırsınızsa, onun keçirdiyi tədbirlərə baş çəkməyə və milli maraqlarını müdafiə etməyə borclusunuz. Lakin Ermənistan hakimiyyəti bundan imtina edir”, – Zurabyan vurğulayıb.
Zurabyan bildirib ki, fərziyyəyə görə, Paşinyan KTMT-dən çıxmağa hazırlaşır və geosiyasi vektoru Rusiyadan Qərbə çevirməyi planlaşdırır. Amma real nöqteyi-nəzərdən bu, işlək fərziyyə ola bilməz. Çünki Qərb Ermənistanın xeyrinə hərbi müdaxiləyə hazır və istəkli görünsəydi, belə bir dönüşün mənası olardı. Hərçənd, aydındır ki, Qərbin belə proqramı yoxdur. Ona görə də birinci fərziyyə rədd edilməlidir.
İkinci fərziyyəyə görə, Paşinyan boykot etməklə başqa seçimlərinin olduğunu göstərməyə çalışır. Yəni əgər onun tələbi yerinə yetirilməsə, başqa oyunçulara üz tutacaq. Amma Paşinyanın demarş siyasəti sadəcə axmaqlıqdır. Çünki belə təşkilatlarda demarş dili ilə danışmaq tamamilə əks nəticə verir. Odur ki, əgər Paşinyan səhvini anlayıb və bu səbəbdən Sankt-Peterburqa gedibsə, o zaman səhvini düzəltmək istədiyi üçün onu qınamaq düzgün deyil.
Əliyar Xəlil
Globalinfo.az