Paşinyanı gözləyən iki dəhşətli aqibət – Ssenari burada yazılıb

Son günlər Rusiyanın Ermənistanla bağlı iki addıma gedə biləcəyi haqda proqnozlar verilir: Paşinyanı iqtidardan uzaqlaşdırmaq və ya sui-qəsdlə aradan götürmək.

İkinci variantı deyənlər 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş verən teraktı xatırladırlar. Amma ekspertlər bir məqamı vurğulayırlar ki, Qərb Ermənistanda ciddi tədbirlər görüb. Paşinyanı həm siyasi, həm də fiziki baxımdan qoruyur. Rusiyanın Ermənistana müdaxilə imkanlarının minimuma endiyi deyilir.

Bəs bu arqumentlər, proqnozlar nə dərəcədə ciddi və mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya-Ermənistan münasibətlərinin yüksələn xətdə gərginləşməsi Moskva konkret addımlar atacağı fikrini yaradır:

“Təbii ki, bu ehtimallardır, amma real tərəfləri də var. Belə ki, Rusiya belə məsələlərə kobud müdaxilə etməyə, beynəlxalq hüququ pozmağa alışıb. Bu gün iki ölkənin münasibətləri gərgin olaraq qalır. Buna təsir edən birdən çox faktor var. Son dövrlər Rusiya tərəfindən sərt açıqlamalar verilir. Xüsusilə Rusiya XİN başçısı Sergey Lavrov Antalyada olarkən “Ermənistanla münasibətlərə yenidən baxıla bilər” deyib.

Hesab edirəm, bu, Kremlin açıq xəbərdarlığıdır. Təbii ki, Rusiya Ermənistanda yaranan vəziyyəti öz xeyrinə dəyişmək üçün müxtəlif variantlara əl atır. Amma nəzərə almaq lazımdır ki, vəziyyət sadə deyil.

Son illər erməni cəmiyyətində anti-Rusiya ovqatı yüksəlib. Hətta vəziyyət elə bir mərhələyə çatıb ki, Rusiya real təhdid kimi görülür. Ermənistan cəmiyyətinin Rusiyadan gözləntilərinin özünü doğrultmaması vəziyyəti daha da kritikləşdirir.

Qərb hazırda Paşinyan və onun hakimiyyətini qorumaq üçün əlindən gələni edir. Avropa İttifaqının mülki missiyası həm də bu məqsədlə Ermənistandadır. Uzun müddətdir ki, tədbirlər görülür.

Rusiya indiki məqamda Ermənistanda iki mümkün ssenarini gerçəkləşdirə bilər:

1. Hərbi çevriliş;

2. Sui-qəsd.

Qərb bu iki variantı da yaxşı bildiyi üçün tədbirləri artırıb. Paşinyana davamlı xəbərdarlıqlar edilir, kəşfiyyat materialları ötürülür. Vəziyyət gərginləşəcəyi təqdirdə Kreml daha radikal addımlar ata bilər”.

Turan Rzayev
Globalinfo.az