Paşinyandan xəritə açıqlaması: “Nə vaxta qədər Moskvaya zəng edəcəyik?”

“Zaman-zaman müxtəlif xəritələr dərc etməklə elə bildik ki, tarixi bir iş görürük, amma əksinə, Ermənistanı əhəmiyyətsiz vəziyyətə saldıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan problemləri həll etmək üçün daima Rusiyaya müraciət edilməsinin doğru olmadığını söyləyib:

“Mənə deyirlər ki, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini niyə tanımısan. Anlamırlar ki, bununla onlar da bizim 29,8 min kvadrat kilometr ərazidə torpaq bütövlüyümüzü tanımış oldular.

Biz nə edirik, Xankəndidəkilər nə edir? Biz məsuliyyətimiz daxilində olan məsələləri necə həll etməli olduğumuzu özümüz anlamalıyıq. 30 ildir müstəqil olan dövlətik, nə vaxta qədər Moskvaya yazıb zəng edəcəyik? Niyə elə ancaq “rus kralına məktub” janrında çalışırıq. Moskvanın öz problemləri var”.

Ayşən Mustafa
Globalinfo.az