Paşinyan referenduma gedir, müharibəyə? – Əliyevin “…bizdən heç kim inciməsin” xəbərdarlığı işə düşür

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib ki, Paşinyanın Sünikə (Zəngəzur – red.) səfəri, şübhəsiz ki, respublikanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır:

“Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Söhbət Tiqranaşen (Kərki – red.), Tavuşda isə Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir”.

Həmin 4 kəndin Azərbaycana geri verilməsi üçün referendum keçiriləcəkmi? 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistan ərazisində olan 4 anklav kəndimiz Azərbaycana geri qaytarılmalıdır:

“Ermənilər isə bunun qarşılığında guya Azərbaycan ərazisində Ermənistana aid olan kəndin mövcudluğunu və bunun rəsmi İrəvana geri qaytarılacağını iddia edirlər. Bu, mübahisəli məsələdir. Digər tərəfdən, işğal altında olan 4 kəndimizin geri qaytarılması Ermənistana ciddi problemlər yaradacaq. Həmin kəndlər Gürcüstana və İrana gedən magistral yolların üzərindədir. Bu səbəbdən ermənilər məsələyə ciddi təşvişlə yanaşırlar. Ancaq Nikol Paşinyan dəfələrlə bəyan edib ki, kəndlər geri qaytarılmalıdır və bunun üçün referenduma ehtiyac yoxdur. Konstitusiya və digər məsələlərlə bağlı referendumun keçirilməsi mümkündür”.

Globalinfo.az xatırladır ki, son günlər Ermənistan müharibə ritorikasını artırıb. Fransanın İrəvanı silahlandırmasına Azərbaycan sərt reaksiyası verib.

Müdafiə Nazirliyi iyunun 18-də bəyanat yayıb. Bəyanatda Fransanın İrəvanı ölümcül silahlarla təchiz etməsi ciddi qınanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, yeni müharibə başlasa, bunun məsuliyyəti qarşı tərəfin üzərində qalacaq. Bu da açıqca müharibə ab-havası deməkdir.

Belə bir durumda Ermənistanın referenduma gedərək konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası maddəsini çıxaracağı inandırıcı görünmür. Paşinyan hiyləgər taktika seçib. Həm Azərbaycanı qəzəbləndirməmək üçün sülhdən dəm vurur, həm daxili auditoriyanı sakitləşdirir, həm də Qərbdəki gizli-aşkar dəstəkçilərinin könlünü xoş etmək üçün onlardan silah alıb, gərginlik yaradır. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Prezident İlham Əliyev bu mövzuda ortaya aydın, kəskin mövqe qoyub: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin”.

Safura Bənnayeva
Globalinfo.az