Nə Zəngəzur, nə Qazaxın kəndləri… – Paşinyan o ərazini itirməkdən qorxur

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin mübahisəli məqamlarından biri də Qazaxın 7, Naxçıvanın Kərki kəndidir. Ermənistan tərəfi hələlik məsələdən yayınmaq istəyir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları da sübut edir.

Bundan başqa, Ermənistanın son zamanlar sürətlə silahlanması İrəvanın adıçəkilən kəndləri sülh yolu ilə qaytarmaq istəmədiyini göstərir.

Maraqlıdır, həmin kəndlərin aqibəti necə olacaq? Rəsmi Bakı hansı halda hərbi yola əl ata bilər? Paşinyan həmin kəndləri öz istəyi ilə qaytaracaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Qazaxın kəndləri Azərbaycana qeyd-şərtsiz təslim edilməlidir:

“Son vaxtlar görürük ki, Ermənistan hakimiyyəti bəzi qondarma qərarlar qəbul edir və bu qondarma qərarlar əsasında Azərbaycana verməli olduqları kəndlərlə bağlı gecikmiş addımlar atırlar. Halbuki Nikol Paşinyanın bu məsələdə seçim imkanı yoxdur.

44 günlük İkinci Qarabağ müharibəsi sonrasında Ermənistanın hansısa bir şərt irəli sürməsi məntiqsizdir. Çünki hərbi və siyasi üstünlük hələ də rəsmi Bakının əlindədir. Yəni Azərbaycanın bir çox kəndləri, o cümlədən Qazaxın kəndlərini Ermənistanın işğalından azad etməyə tam qanuni haqqı var.

Azərbaycanın niyyəti regionda yeni eskalasiya yaratmaq deyil. Ona görə də sülh sazişi üçün danışıqlar fonunda kəndlərin qaytarılmasını üstünlük verə bilərik. Burada ən önəmli məsələ Paşinyanın atacağı addımlardır. Yəni davamlı sülhdənyayınma, silahlanma, müharibə hazırlıqları görmək də sülhə inamı azaldır.

Bu gün Ermənistanı narahat edən əsas məqam Qazaxın kəndlərinin qaytarılması fonunda Ermənistandan Gürcüstana gedən yolların Bakının nəzarətinə keçməsidir. Amma bu boş və mənasız bir narahatlıqdır. Azərbaycan ölkələrin beynəlxalq hüquqla tanınan ərazilərinə hörmət edir. Rəsmi Bakının Ermənistanın yollarına nəzarət etmək niyyəti yoxdur”.

Turan Rzayev
Globalinfo.az