Paşinyan Parisdən bu nəticə ilə gəldi – Diqqətçəkən açıqlama

“Paşinyanın Fransadan nə ilə dönməsi Ermənistan hökumətinin davranışlarından, atdığı addımlardan və Paşinyanın açıqlamalarından bəllidir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Münxen Təhükəsizlik Konfransından öncə Ermənistanın təxribata əl atması, burada Azərbaycanı günahlandırmaq cəhdi və bu tədbirə əlini gücləndirərək getmək istəyi, bununla da Azərbaycana qarşı Avropa İttifaqı ölkələrindən dəstək almaq planları fiaskoya uğradı:

“Paşinyanın gözləntiləri özünü doğrultmadı. Əksinə, Prezident İlham Əliyevə Almaniya kansleri daxil olmaqla böyük diqqət göstərilməsi Paşinyanın ümidinin ənənəvi himayədarı Fransaya qaldığını ortaya çıxardı.
Fransaya uçan Paşinyan əslində tezisləri haradan aldığını bir daha ortaya qoydu. Fransanın çətiri altına girdiyini açıq formada bəyan etməklə bölgədə sabitliyi təhdid edəcək açıqlamalar verdi. Bu, əvvəllər də qeyd etdiyimiz kimi, Fransanın bölgədə geosiyasi maraqlarının heç bir zaman geri çəkilməyəcəyini, bütün növ təxribatlara gedə biləcəyini göstərir. Ermənistanın sürətlə silahlandırılması, Fransa ilə hərbi əməkdaşlıq müqaviləsinin imzalanması, Fransa müdafiə nazirinin İrəvana səfəri və s. kimi addımlar qarşımızda Ermənistanın aparacağı siyasətin konturlarını tam təsvir edir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, hazırda Avropa İttifaqı daxilində də Fransaya qarşı narazılıq kifayət qədərdir:

Наша задача выстроить баланс в регионе" – Пашинян о военной сделке с Францией - 21.02.2024, Sputnik Армения

21 fevral 2024-cü il. Fransada Nikol Paşinyan Emmanuel Makronla görüşüb.

“Fransa İttifaqın deyil, yalnız öz maraqları çərçivəsində çıxış edir, digər Aİ ölkələri ilə diktə dilində danışır, Ukraynaya yardım məsələsində maliyyə yükünü öz üzərindən atmaq istəyir. Bütün bunlar Aİ daxilində Parisə qarşı kifayət qədər narazılıq yaradır və bununla bağlı dəfələrlə Qərb mətbuatında rəsmi səviyyədə açıqlamalar müşahidə olunub. Azərbaycan bunu çox yaxşı oxuyur və geosiyasi prosesləri incəliyinə qədər hesablayaraq addım atır.

Azərbaycan Almaniyanı önə çıxarmaqla əslində önəmli və effektiv diplomatik addım atdı. Hesab edirəm ki, Avropa İttifaqı Fransanın diktəsi ilə uzun müddət siyasət yürüdə bilməz. Bu baxımdan Fransanın Azərbaycana qarşı qərəzli siyasəti bundan sonra Aİ tərəfindən ciddi dəstək görməyəcək”.

Ə.Zülfüqaroğlu onu da qeyd edib ki, Parisin Ermənistan üzərindən təhlükəli siyasəti sülh danışıqlarını pozmaqla yanaşı bölgədə toqquşma risklərini artırır:

“Amma bu ilk növbədə Ermənistanı təhlükəyə atır. Azərbaycan Ermənistanın son təxribatına verdiyi cavabla göstərdi ki, üçüncü qüvvələrin sifarişi ilə hərəkət edəcəyi halda İrəvanı hansı aqibət gözləyir. Dövlət başçısının Azərbaycan üçün artıq bu problemin olmadığını deməsi Ermənistana verilən ciddi mesaj idi. Yəni bizim üçün bu mərhələ artıq bitib və Azərbaycanın hədəfi sülh və böyük iqtisadi imkanlar, eyni zamanda “orta güc” anlayışıdır. Yəni növbəti eskalasiyaya cəhd olacaqsa Ermənistan fəlakətə sürüklənəcək. Belə olan halda Ermənistanı Fransa daxil olmaqla, heç bir dövlət və ya güc xilas də bilməyəcək. Sülh danışıqları isə Fransanın bütün təhlükəli niyyətlərinə rəğmən davam edəcək, təbii ki, Fransanın kənarda qalması şərti ilə. Bu şərti isə Azərbaycan müəyyən edir”.

Turan Rzayev
Globalinfo.az