Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri başlayıb.
Globalinfo.az xəbər verir ki, N.Paşinyan Tbilisidə Baş nazir İrakli Kobaxidze ilə görüşəcək və mətbuata açıqlamalar verəcək.
Onun səfərini niyə indi gerçəkləşdirməsi barədə ətraflı məlumat yoxdur.
Diqqətçəkən məqam isə Paşinyanın Gürcüstana səfərinin Fransa müdafiə naziri Stefan Sejurnenin Ermənistanda olduğu müddətdə baş tutmasıdır. Bəzi mənbələr onun Sejurne ilə görüşmədən Tbilisiyə gedəcəyini iddia ediblər. Lakin onlar İrəvanda bir araya gələrək bir sıra mövzuları müzakirə ediblər.
Digər məqam isə Ermənistanın baş nazirinin bu səfərini məhz Gürcüstanın Qərblə münasibətlərinin pis olduğu zamanda etməsidir. Bundan öncə bir sıra erməni ekspertlər artıq Gürcüstandakı bəzi təşkilatların xarici agentlər haqqında qanunun qəbulundan sonra İrəvana köçdüklərini bildiriblər. Onlar həmin təşkilatların məhz buradan Qərbin yardımlarını alacaqlarını və Tbilisidəki proseslərə təsir edəcəklərini deyiblər.
Üstəlik, Paşinyanın səfəri Rusiya nümayəndə heyətinin sentyabrın 13-də Ermənistanı ziyarət etməsindən sonra baş tutub. Moskvanın bu dönəmlərdə Tbilisi ilə münasibətləri əvvəlkindən daha yaxşı görünür. Həmçinin İrəvana səfərdən sonra bəzi rusiyalı ekspertlər Gürcüstandan keçəcək Moskva-Suxumi-Tbilisi-İrəvan dəmiryolunun açılmalı olduğunu deyiblər. Bunun məhz N.Paşinyanın səfəri zamanı gündəmdə olacağı iddia edilir.
Əliyar Xəlil
Globalinfo.az