Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədində Prezident İlham Əliyevlə görüş keçirməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşların sülh gündəliyinə yardımını yüksək qiymətləndirir, lakin Azərbaycanla uzun müddətdir ki, ikitərəfli formatda iş aparılır.
Xatırladaq ki, bənzər görüş 2002-ci ilin avqustun 14-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda, Azərbaycan- Ermənistan sərhədində Azərbaycan Prezident Heydər Əliyev ilə Ermənistan Prezidenti Robert Köçəryan arasında olmuşdu. O zaman ölkə liderləri görüşün faydalı olduğunu, bu səviyyədə danışıqların davam etdirilməsinin zəruriliyini vurğulamışdılar.
Paşinyanın bu təklifi baş tuta bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Nikol Paşinyan həmin bəyanatında sülh müqaviləsi üçün göndərilən sonuncu mətni oxuduqlarını, 17 maddədən 14-nün razılaşdırıldığını da bildirib:
“Nikol Paşinyan ilk dəfə Əliyevə sərhəddə görüş təklif edib. İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, sülh müqaviləsi üçün birbaşa danışıqların aparılmasında maraqlıyıq. Paşinyanın bu təklifi irəli sürməsinin də müəyyən səbəbləri var.
Elşad Həsənov
Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşü və bu çərçivədə Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının Rusiyanın nəzarəti altında aparılması təklifini irəli sürməsi, 10 noyabr bəyannaməsinə əsasən Azərbaycanın qərb rayonlarının Naxçıvanla maneəsiz birləşdirilməsi üçün yolun açılması haqqında aparılan müzakirələr Ermənistanın narahatlığına səbəb olub. Rusiya rəsmiləri dəfələrlə Ermənistanın təhlükəli addımlar atdığı ilə bağlı fikirlər səsləndiriblər. Bütün bunların kontekstində Paşinyan başa düşür ki, Rusiya moderatorluğu ələ almaq istəyir. Lakin Ermənistanın Qərb havadarları buna mane olurlar”.
Politoloqun sözlərinə görə, həmin görüş baş tutarsa, münasibətlərin normallaşmasına müsbət effekt verəcək:
“Sərhədlərin delimitasiya-demarkasiya prosesi də üçüncü tərəflərin iştirakı olamadan baş tutur və müsbət tendensiya ilə davam edir. Yəni ikitərəfli görüşlər, danışıqlar daha yaxşıdır. Nikol Paşinyan və İlham Əliyevin görüşü istisna edilməməlidir. İlham Əliyev özünün diplomatik qabiliyyəti və məntiqi ilə Nikol Paşinyana Ermənistan üçün hansı addımın atılmasının daha yaxşı olacağını başa salacaq”.
Safura Bənnayeva
Globalinfo.az