4313c843 9e98 4f92 8b33 644905e349c2 900x600 1

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın həbsini tələb edib.

Məlumata görə, 2008-ci il martın 1-də baş verən hadisələrdə 10 nəfərin ölümü ilə bağlı yeni araşdırma aparıla, sabiq prezidentlər və bir neçə keçmiş nazir həbs oluna bilər. Hətta bu işlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı da var.

Körçəryan və Sərkisyan həbs edilərsə, Azərbaycan onların ekstradisiyasını tələb edə, yaxud Xocalı soyqırımı və digər müharibə cinayətlərinə görə barələrində beynəlxalq məhkəmə araşdırmasının aparılmasını istəyə bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Nikol Paşinyanın Robert Köçəryan və Serj Sərkisyanın həbsi ilə bağlı səsləndirdiyi bəyanatlar ilk baxışdan hüquqi məsuliyyətin bərpası kimi təqdim olunsa da, əslində, Ermənistan daxilində gedən hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir:

“Nəzərə almaq lazımdır ki, bu açıqlamalar iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində verilib və məqsəd Paşinyanın əsas rəqibi hesab olunan “Qarabağ klanı”nın siyasi nüfuzunu zəiflətməkdir.

2008-ci il 1 mart hadisələri Ermənistan tarixinin ən ağır daxili siyasi cinayətlərindən biri sayılır. Həmin dövrdə etiraz aksiyalarının zorakılıqla dağıdılması nəticəsində 10 nəfər həlak olmuşdu. İndi Paşinyan həmin hadisələri yenidən gündəmə gətirməklə Ermənistanın bugünkü böhranlarının kökündə uzun illər ölkəni idarə etmiş Köçəryan-Sərkisyan hakimiyyətinin dayandığı mesajını verməyə çalışır.

Burada diqqət yetirilməli olan əsas məqam odur ki, Paşinyan faktiki olaraq Ermənistanın keçmiş hakimiyyətini kriminal-siyasi sistem kimi təqdim edir. Bu isə Azərbaycanın illərdir səsləndirdiyi arqumentlərlə müəyyən mənada üst-üstə düşür. Çünki həm Robert Köçəryan, həm də Serj Sərkisyan təkcə Ermənistanın keçmiş prezidentləri deyil, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş ağır müharibə cinayətlərinin təşkilatçıları və icraçılarıdır.

Bu baxımdan, Ermənistan daxilində həmin şəxslərin cinayət məsuliyyəti müstəvisinə çıxarılması Azərbaycanın mövqeyini siyasi və hüquqi baxımdan gücləndirən əlavə amil kimi qiymətləndirilə bilər”.

elcin mirzebeyli 900x890 1
Elçin Mirzəbəyli

Deputat bildirib ki, burada prosesə emosional deyil, hüquqi və siyasi reallıqlar prizmasından yanaşmaq vacibdir:

“Ermənistan daxilində Köçəryan və Sərkisyan komandasına qarşı yönələn ittihamlar, əslində, daha geniş siyasi məna daşıyır. Paşinyan dolayısı ilə Ermənistan cəmiyyətinə izah etməyə çalışır ki, ölkəni uzun illər idarə etmiş qüvvələr reallıq hissini itirərək Ermənistanı avantürist və işğalçı siyasətə sürükləyiblər. Nəticədə isə Ermənistan həm regional təcridə düşüb, həm iqtisadi resurslarını tükədib, həm də beynəlxalq hüquqa zidd siyasətin ağır nəticələri ilə üzləşib.

Bu fonda Azərbaycan üçün ən vacib məsələ həmin prosesdən düzgün siyasi-hüquqi nəticə çıxarmaqdır. Əgər Ermənistanda sabiq prezidentlər və keçmiş yüksək vəzifəli şəxslər barədə real cinayət işləri başladılarsa, Azərbaycanın hüquqi arqumentləri daha da güclənə bilər. Ermənistan öz keçmiş rəhbərlərini insan hüquqlarının pozulmasına görə ittiham edirsə, onda həmin şəxslərin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə də araşdırılması tələbi daha legitim görünür.

Bununla belə, nəzərə almaq lazımdır ki, Paşinyanın bəyanatları hələlik daha çox seçki ritorikası xarakteri daşıyır. Ermənistan siyasətində Köçəryan və Sərkisyan amili illərdir daxili hakimiyyət savaşının əsas mövzularından biridir. Ona görə də sərt açıqlamaların real hüquqi nəticəyə çevrilib-çevrilməyəcəyi seçkidən sonrakı siyasi konfiqurasiyadan asılı olacaq.

Şübhəsiz ki, Ermənistanın öz daxilində keçmiş rəhbərlərin məsuliyyət məsələsinin gündəmə gətirilməsi Azərbaycanın illərdir müdafiə etdiyi siyasi-hüquqi mövqelərin əsassız olmadığını bir daha ortaya qoyur. Bu proses eyni zamanda işğal siyasətinin Ermənistanın öz dövlətçiliyinə ağır zərbə vurduğunu göstərən mühüm siyasi indikator kimi də qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: