Paşinyan aksiyaların qızğın vaxtında ölkəni niyə tərk etdi? – Mühüm jest

Paşinyan aksiyaların qızğın vaxtında ölkəni niyə tərk etdi? - Mühüm jest

Ermənistanda etiraz aksiyaları davam edir. Belə bir zamanda Baş nazir Nikol Paşinyanın Danimarkaya səfər etməsidir. Onun bu rəftarı diqqət çəkir.

Baş nazir bu aksiyaları ciddiyə almır, yoxsa başqa səbəblər var? Onu devirmək üçün meydana yığışan kütlə nəyə qadirdir?

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi istəyən kilsə hakimiyyəti daima Azərbaycan ilə Ermənistan arasında siyasi və milli ədavəti qızışdırmaq üzrə ixtisaslaşıb:

“Əsas məqam bu proseslərdə Nikol Paşinyanın etirazçılara necə reaksiya verməsidir. Nikol Paşinyan hələ ki, etirazçıların toplanmasına qarşı çıxmır. Ancaq keşiş Baqrat daha çox tərəfdaş toplamaq niyyətindədir.

Düşünürəm ki, Paşinyan aksiyanın geniş ərazini əhatə etməsinə icazə verməməlidir.

Kilsə hakimiyyətinin fəallaşması onu göstərir ki, hal-hazırda erməni cəmiyyətində türkafobiya və Azərbaycana qarşı nifrət hissi hökm sürür. Hadisələrin inkişafında Paşinyan sərt tədbirlər tətbiq edə bilər.

Ermənistandakı proseslərdə kilsə hakimiyyəti tək hərəkət etmir. Bu, koordinasiya edilmiş hərəkatdır. Erməni cəmiyyəti Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə, ona qarşı çıxaraq öz seçimini edir”.

Ekspert deyib ki, Paşinyan rahatdı:

“O, keşiş Baqratın üsyanını çox da ciddiyə almır. İstənilən halda, 20 min insanın mərkəzi meydana yığışması iqtidara maneədir. Ancaq Paşinyan bilir ki, xalqın əksəriyyəti bu etirazlara qoşulmayacaq. Bundan başqa, müxalifətin reytinqi xalq arasında da aşağıdır.

Onu da qeyd edim ki, müxalifətin Nikol Paşinyanı impiçment qaydada hakimiyyətdən uzaqlaşdırması mümkün deyil. Amma məsələ burasındadır ki, Ermənistan Konstitusiyasına görə belə bir təşəbbüslə çıxış etmək üçün parlamentdəki müxalifət partiyalarına azı 36 səs lazımdır. Hazırda onlar yalnız 35 mandata malikdirlər”.

R.Tağızadə deyib ki, konstitusiyanın 115-ci maddəsinə görə, baş nazirə etimadsızlıq səsverməsinin keçirilməsi tələbi ilə çıxış etmək üçün parlamentdəki 107 deputatdan azı 36-sının imzası lazımdır:

“Amma parlamentdə keçmiş prezident Robert Koçaryanın “Hayastan” fraksiyasının 29, daha bir keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının isə 6 deputatı var.

Paşinyanın 2018-ci ildəki yürüşü ilə oxşarlıq təşkil edən keşişin yürüşü davam edəcək. Paşinyan isə daha praqmatik siyasət aparır. Rusiya və Qərbin mübarizə meydanına çevrilən Ermənistanda siyasi proseslərin mürəkkəb elementləri daha çox təzahür edəcək”.

Turan Rzayev
Globalinfo.az