Partiya sədrləri Gədəbəy hadisələrinə görə hökumətə müraciət etdi – FOTO

Partiya sədrləri Gədəbəy hadisələrinə görə hökumətə müraciət etdi - FOTO

Gədəbəy rayonu Söyüdlü kəndində baş verən hadisələr hələ də müzakirə edilir. İctimaiyyət, tanınmış şəxslər məsələyə fərqli yanaşır.

Maraqlıdır, bəs müxalif partiyalar bu haqda nə düşünür?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, əgər xalqın etirazı, ayaqlanması, küçələrə çıxması varsa, deməli, burada birmənalı olaraq məmurların səhlənkarlığı var:

“Biz hamımız kadrlara baxdıq. Heç kim aksiyaya kefindən və ya kimdənsə əlavə pul istəməyə çıxmır. Hamısı öz doğmalarından, övladlarından, təsərrüfatından narahatdır. Adamlar ikinci zəhərli gölün tikilməsinin əleyhinədirlər. Düşünürəm ki, ortada hakimiyyət və xalqın dialoqsuzluğu problemi, ünsiyyət qıtlığı, bir-birini eşitməmək kimi bir məsələsi var”.

Partiya sədrləri Gədəbəy hadisələrinə görə hökumətə müraciət etdi - FOTO

Tural Abbaslı

T.Abbaslı deyib ki, Söyüdlü kəndində məlum problem həmin zavod orada tikilən ildən var:

“Zamanla müxtəlif media qurumları, yerli sakinlər bu məsələni qaldırıblar. İndiyə qədər görməməzlikdən gəlmək məsələni gətirib bu həddə çatdırdı. Bu o demək deyil ki, sondur. Hakimiyyət nümayəndələrinə dəfələrlə demişik ki, “xalq bir az danışıb, sonra sakitləşəcək” fəlsəfəsi düzgün yanaşma deyil. Əksinə, xalqın səsinə qulaq vermək lazımdır. İqtidarın işi də məhz xalqa xidmət etməkdir”.

Partiya sədrləri Gədəbəy hadisələrinə görə hökumətə müraciət etdi - FOTO

Partiya sədri deyib ki, xalqı “təxribatçı”, “xuliqan”, “daş atan”, “qədirbilməz” adlandıraraq ələ salmaqla nəticə əldə olunmaz:

“Güman edirəm ki, baş verən hadisədən sonra problemlərə obyektiv yanaşılar, eyni zamanda da Azərbaycanın digər regionlarında olan xalqın müxtəlif problemlərini qulaqardına vurmazlar. Burada iqtidar-müxalifət məsələsi deyil, dövlət və dövlətçilik məsələsi də var. İnsanlar ayağa qalxar, qarşıdurma yaranar. Axı bu kimə lazımdır? İnanın ki, belə bir şey nə iqtidara, nə müxalifətə, nə də yerli insanlara lazımdır”.

Partiya sədrləri Gədəbəy hadisələrinə görə hökumətə müraciət etdi - FOTO

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə bildirib ki, bu məsələ mütləq araşdırılmalıdır:

“Prinsip etibarilə aksiyaçıları haqlı bilirəm. Onların tələbləri mütləq öyrənilməlidir. Sakinlərin yaşam və sağlamlıqları üçün orada təhlükə varsa, aradan qaldırılmalıdır. İnsanlarımız da bir qədər səbrli olsa və dünyada yaranmış vəziyyəti nəzərə alıb təmkinli hərəkət etsələr, yaxşı olar”.

Zaira Akifqızı
Globalinfo.az