Parlament birpartiyalı sistemə keçir – seçkilərdən sonra…

Parlament birpartiyalı sistemə keçir - seçkilərdən sonra...

Gürcüstanda keçiriləcək seçkilərdən sonra ölkə parlamenti birpartiyalı sistemə keçə bilər. Bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Parlament demokratik şəkildə seçiləcək. Moldova parlamenti bu gün praktiki olaraq birpartiyalıdır, lakin bu barədə heç kim danışmır. Eyni şey Gürcüstanda da olacaq. Milli Hərəkat və bir sıra digər partiyaların konstitusiyaya zidd elan edilməsinə görə növbəti çağırış parlamentin birpartiyalı olması problemi yoxdur”, – o bildirib.

Gürcüstan birpartiyalı sistemə keçir? Bu qərar hansı nəticələri doğura bilər? Tbilisini ehtimal hansı təhlükələr gözləyir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, parlamentin birpartiyalı olması o deməkdir ki, Gürcüstan iddia etdiyi demokratik dəyərlərdən imtina edir.

Parlament birpartiyalı sistemə keçir - seçkilərdən sonra...

Kənan Novruzov

“Baş nazir hər nə qədər bunu dansa da birpartiyalılıq demokratiyanın göstəricisi deyil. Əksinə, adətən totalitar siyasi rejimlərdə buna rast gəlinir. Yəni birpartiyalı siyasi sistemə keçidlə rəsmi Tbilisi qütbləşmə olan yeni dünyada öz tərəfini seçmiş olacaq.

Gürcüstanda birpartiyalı siyasi sistemin formalaşması mümkündür. Amma bu, ağrılı proses olacaq. Daxildə ciddi narazılığa gətirib çıxaracaq. Həmçinin Qərbin “incikliyi” ilə nəticələnəcək.

ABŞ bu prosesə xüsusilə sərt reaksiya verəcək. Gürcüstan həm yeni sanksiyalar ilə üzləşə bilər, həm də Vaşinqtonun təhriki ilə genişmiqyaslı xalq ayaqlanması ilə qarşı-qarşıya gələ bilər. Bütün hallarda İrakli Kobaxidze verəcəyi qərarla ölkəsinin gələcək siyasətinə yön verəcək”.

Turan Rzayev
Globalinfo.az