Yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Globalinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan idmançımız qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb.
Təmsilçimiz rəqibini 8-0 məğlub etməklə vaxtından əvvəl bürünc medalı təmin edib.
***
Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününün püşkü atılıb.
Globalinfo.az İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.
74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.
Qeyd edək ki, bu iki çəkidə yarışa sabah start veriləcək.
***
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Globalinfo.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.
Nurmaqomedov rəqibinə məğlub olub – 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***14:32
Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları davam edir.
Globalinfo.az xəbər verir ki, bu gün daha bir təmsilçimiz mübarizəyə qoşulub.
86 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov ilk yarışını Monqolustan təmsilçisi Bat Erden Byambasurenə qarşı keçirib.
Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb.
***14:16
Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına start verilib.
Globalinfo.az xəbər verir ki, Əliabbas Rzazadə ilk yarışını Özbəkistan təmsilçisi Qulomjon Abdullayevə qarşı keçirib.
Rəqibinə məğlub olan Əliabbas mübarizəni dayandırıb.
***08:52
Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
Globalinfo.az bildirir ki, həmçinin yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.
O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.
Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar.
Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək.
Hər iki idmançımız 1/8 finaldan başlayacaq.
Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.














