Dünyanın müxtəlif ölkələrindən prezidentlər, kral ailəsinin üzvləri və yüksək səviyyəli rəsmilər Vatikanı ziyarət edərək Papa Fransiskin dəfn mərasimində iştirak ediblər.
Globalinfo.az xəbər verir ki, bu gün səhər Vatikanın Müqəddəs Pyotr meydanında Böyük Britaniya şahzadəsi Uilyam, ABŞ Prezidenti Donald Tramp və sabiq ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak ediblər.
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melani Tramp Papa Fransiskin cənazəsinin qarşısında, birinci sırada oturub, Fransa Prezidenti Makron və onun həyat yoldaşı digər tərəfdə yer alıblar. Ukrayna Prezidenti Volodimir Zelenski də birinci sırada oturub.
Böyük Britaniya krallıq ailəsini təmsil edən Uels şahzadəsi Almaniya Kansleri Olaf Şolts ilə yanaşı oturub, bir az aralıda isə Starmer yer alıb.
Qonaqların oturacağı yer xüsusi olaraq müəyyən edilmişdi. Əsas qonaqlar Papa ilə vidalaşmağa gələn minlərlə adi insandan ayrı əyləşdirilib.
Dövlət rəsmiləri Vatikan meydanının sağ tərəfində, Müqəddəs Pyotr kilsəsinə yaxın yerdə oturublar. Ən yaxşı yerlərdə Papa Fransiskin vətəni olan Argentinanın Prezidenti Xavyer Miley, İtaliya Baş naziri Corcia Meloni və İtaliya Prezidenti Sercio Mattarella əyləşiblər. Hakim monarxlar onlardan sonra oturublar, digər dövlət nümayəndələri isə əlifba sırasına uyğun olaraq yerləşdirilib.
Dəfn mərasimində iştirak edən rəsmi şəxslərin siyahısı:
• Polşa Prezidenti Andjey Duda
• Dominikan Respublikası Prezidenti Luis Abinader
• Belçika Kralı Filip və Kraliça Matilda
• Almaniya Prezidenti Frank-Valter Ştaynmayer
• Xorvatiya Prezidenti Zoran Milanoviç
• Ekvador Prezidenti Daniel Noboa
• İrlandiya Baş naziri Maykl Martin
• Moldova Prezidenti Maya Sandu
• Latviya Prezidenti Edgars Rinkevics
• Yeni Zelandiya Baş naziri Kristofer Lakson
• İsveç Kralı XVI Karl Qustav və Kraliça Silviya
• BMT Baş katibi Antonio Quterreş
• Danimarka Kraliçası Mariya
• İordaniya Kralı II Abdullah və Kraliça Raniya
• Macarıstan Prezidenti Tamaş Şulik və Baş nazir Viktor Orban
• Avropa Şurası sədri Antonio Kosta
Qeyd edək ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Papa Fransiskin dəfnində iştirak edib, amma onun adı rəsmi qonaqlar siyahısında yer almır.
Xatırladaq ki, Papa Fransiskin dəfn mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Aysel Əliyeva
Globalinfo.az














