İcra hakimiyyətlərinin başçıları ilə Prezident Administrasiyasında (PA) görüş baş tutub. Unkal-ın xəbərinə görə, görüş zamanı seçki öncəsi vəziyyət müzakirə olunub.
Bildirilir ki, icra başçılarına bəzi tapşırıqlar verilib. Onlaraseçki prosesinə hər hansı bir formada müdaxilənin yolverilməzliyi deyilib. Yəni, icra hakimiyyətlərinə, hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin belə xeyrinə iş aparmamaqla bağlı konkret tapşırıq verilib ki, seçki günü saxta bülletenləri qutulara salınmasın, “karusel” olmasın.
Maraqlıdır, bu görüşlə bağlı müxalif partiyalar nə düşünür? Bu tapşırıq növbədənkənar parlament seçkilərinə necə təsir edəcək?
Globalinfo.az-a danışan Milli Məclisin VI çağırış deputatları – Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, ölkədə proporsional seçki sistemi olmadığı üçün partiyalar seçkidə öz proqramı ilə deyil, namizədləri ilə iştirak edir:
Fazil Mustafa
“YAP, Böyük Quruluş Partiyası və digər partiyalar öz namizədlərini açıqlayıb. Bizdə də partiyanın bütün üzvləri ciddi şəkildə çalışır ki, seçki prosesində real imkanı olan namizəd qalib gəlsin. Hesab edirəm bu mənada təəccüblü nə isə yoxdur. Partiyaların namizədlərinin qələbəsi üçün çalışması normaldır. Bu proses qanunauyğun həyata keçirilirsə, burada heç bir problem görmürəm.
O ki qaldı icra hakimiyyətlərinə seçki prosesinə hər hansı bir formada müdaxilə edilməməsi ilə bağlı verilən tapşırığa, bu müsbət bir hadisədir. Bu həm də ölkəmizin imici, prestiji baxımından da vacibdir. Sevindirici haldır ki, ölkə rəhbərliyi də bu məsələdə həssasiyyət göstərir.
Hesab edirəm, proseslərin belə axarda getməsi hamı tərəfindən məqbuldur. Burada əsas məsələ qanunun pozulmamasıdır. Qanun pozulmadığı təqdirdə bütün partiyalar namizədinin qələbəsi üçün resurslarını istifadə edə bilər.
Misal üçün deyə bilərəm ki, mənim namizəd olduğum dairədə bizim partiyanın fəalları daha çox çalışır, qələbə üçün imkanlar səfərbər edilir. Bütün bu işlər yenə qanun çərçivəsində görülür”.
AĞ Partiya başqanı Tural Abbaslı isə deyib ki, hər seçki öncəsi belə görüşlər keçirilir:
Tural Abbaslı
“Bu görüşlərdə icra hakimiyyətlərinin və digər dövlət müəssisələrinin seçki prosesinə qanunsuz müdaxilə edilməməsi yönündə göstəriş və tapşırıqlar verilir. Bu, müsbət hadisədir, amma təəssüf ki, hər seçkidə də birbaşa bu strukturların müdaxiləsi hiss olunur.
Verilən tapşırıqlar müsbət olsa da sona qədər icra edilməsinə ümid edirik. Yəni müəllimlərin, məktəb direktorlarının, kənd icra nümayəndələrinin, bələdiyyə nümayəndələrinin, mənzil kommunal idarələrinin əməkdaşlarının seçkilərə cəlb edilib, onlardan istifadə edilməsi doğru deyil. Bütün bu məsələlər nəzərə alınsa, hesab edirəm, həqiqətən demokratik seçkinin şahidi ola bilərik. Ən azından arzumuz budur”.
“REAL” Partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, Azərbaycanda bu günə qədər keçirilmiş seçkilərdə dəfələrlə qanun pozuntuları, saxtakarlıq faktları təəssüf ki, olub:
Natiq Cəfərli
“Hətta Avropa Məhkəməsinin bu hallar ilə bağlı qərarları da olub. Azərbaycan hökuməti bu qərarları yerinə yetirib. Yəni bəzilərini tanıyıb. Bu il isə ümid edirik ki, neqativ halların şahidi olmayacağıq. Builki seçkilərdə saxtakarlıq ilə bağlı proseslər minimuma enəcək. Bunun üçün biz özümüz də əlimizdən gələni edəcəyik.
Bizim namizəd olduğumuz dairələrdə azı bir müşahidəçi seçkiləri izləyəcək. Yəni kənar müdaxilələrə imkan verməyəcəyik. Biz öz görəcəyimiz işlərin planını qurmuşuq. Bütün qanun pozuntuları protokollaşdırılacaq”.
Turan Rzayev
Globalinfo.az














