Özündən 40 yaş böyük kişilərlə evlənən qızlar kimlərdir? – Açıqlama

Özündən 40 yaş böyük kişilərlə evlənən qızlar kimlərdir? – Açıqlama

Azərbaycanda son üç ildə 18-29 yaş aralığında olan altı qadın 60 və daha yuxarı yaşda olan kişilərlə rəsmi nikaha daxil olub. Rəqəmlər az görünsə də, bu hallar bəzi ekspertlər tərəfindən dəyişən ailə və münasibət modellərinin əlaməti kimi dəyərləndirilir.

Belə nikahlar təsadüfi hallar sayılır, yoxsa yeni sosial tendensiyanın formalaşdığını göstərir?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı bunun normal hal olmadığını deyib:

“Əvvəllər düşünürdük ki, yaşın fərqi yoxdur, bəlkə seviblər, müəyyən şərtlər bunu tələb edib. Sadəcə nadir hallarda rast gəlinirdi deyə, normal qarşılanır və üzərində çox durulmurdu. Lakin son illərdə 30-40 yaş fərqilə evlənənlərin sayı artıb. Xüsusilə də gənc qızların özündən qat-qat yaşlı kişilərlə evləməsi halları çoxalıb və bu münasibətlər efirlərdə də təbliğ olunur. Cəmiyyətə mesaj verilir ki, insan özündən 30-40 yaş böyük birinə aşiq ola bilər”.

Özündən 40 yaş böyük kişilərlə evlənən qızlar kimlərdir? – Açıqlama

Lalə Mehralı

Sosioloqun sözlərinə görə, bu tip münasibətlərdə adətən, maddi baxımdan güclü kişilər hədəf seçilir:

“Əgər doğrudan da burada sevgi olsaydı, kasıb və yaşlı kişilərə də rast gələrdik. Deməli, ortada romantik hisslərdən çox, maraqlar dayanır.  Məsələnin kökündə qəribə bir fikir formalaşır. Qızlar zənn edirlər ki, gözəllikləri varsa, qarşı tərəf bunun müqabilində ona yüksək standartları olan bir həyat verməyə borcludur. Bu, bir növ özünü satışa çıxartmaqdır. Amma ailə qurmağın əsas meyarı qarşı tərəflə şəxsiyyət olaraq uyğunluq və dünyagörüşündə bərabər statuslara sahib olmaqdır. Madiyyat mövzuları olan evliliyin sonu boşanma ilə bitir. Son zamanlarda bunun bir çox nümunəsini görürük”.

Zaira Akifqızı
Globalinfo.az