Ümummilli Lider Heydər Əliyevin mükəmməl siyasətini müasir müstəvidə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli uğurları davamlı hal almışdır. Qazanılan uğurlara Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm töhfələr verməkdədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosessinin dövlət başçısı tərəfindən uğurla davam etdirilməsi Silahlı Qüvvələrin hərtərəfli qüdrətlənməsi, eləcə də nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsi ilə nəticələnmişdir. Bütün bunların nəticəsində digər müsbət göstəricilərlə bərabər, Silahlı Qüvvələrdə baş vermiş cinayətlərin sayı da azalmaqdadır.
Globalinfo.az bildirir ki, bu barədə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev AZƏRTAC-a açıqlamasında deyib.
Görülmüş işlərin, o cümlədən Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz; hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35, 3 faiz; hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalmışdır.
Firad Əliyev
Xüsusi vurğulamaq lazımdır ki, özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə qeydə alınmamışdır.
2024-cü ilin yanvar ayı Baş prokuror, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun mütərəqqi dövrü kimi yadda qalıb.
Ötən ay Hərbi Prokurorluq orqanlarının fəaliyyəti üçün də uğurlu olub. Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə mühüm işlər görülüb. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində bu ilin yanvarında qeydə alınmış cinayətlərin 100 faizi açılıb. Hərbi Prokurorluğun kollektivi qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir.