Orta Dəhliz uğrunda savaş genişlənir: Tacikistan prezidentinin səfərindəki mühüm detal

Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəldi. Onun Azərbaycan Prezident İlham Əliyevlə apardığı müzakirələr kifayət qədər geniş və məhsuldar oldu. Səfərin digər diqqət çəkən tərəfi isə onun İrandan ölkəmizə gəlməsidir.

Tacikistan-Azərbaycan münasibətləri son illər özünün inkişaf dövrünü yaşayır. İki ölkə arasında münasibətlər dostluq səviyyəsində qərarlaşıb.

Bəs prosesin digər tərəfində nə kimi yenilik ola bilər? Hansı strateji razılıqlar əldə olunub? Hazırkı qəliz geosiyasi vəziyyətdə iki ölkə necə hərəkət edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Tacikistan Respublikasının Xarici Siyasət Konsepsiyasına əsasən, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığın genişləndirilməsi mühüm məqsədlərdən biridir:

“Ancaq Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan və bundan sonra Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Azərbaycanın geopolitik çəkisi artmaqdadır. Tacikistan bunun fərqindəir. Çünki Tacikistanın qarşılıqlı fəaliyyət və geniş regional inteqrasiyası, Mərkəzi Asiyada davamlı sülh, həqiqi sabitlik yaratmaq üçün axtardığı alətlər həm də Azərbaycanın əlində mövcuddur. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Rusiya, Qərb və Çinlə genişlənən əlaqələri, o cümlədən təhlükəsizlik münasibətlərində yeni mərhələnin başladılması Tacikistan kimi ölkə üçün cəlbedici görünür.

Tacikistan mürəkkəb coğrafiyada yerləşir. Ölkə dünya güclərinin iti baxışları altında olan Mərkəzi Asiya regionunda yerləşdiyindən münaqişələrdən yayınmaqda, bunun əvəzinə qonşuluq, dostluq münasibətləri axtarmaqdadır.

Çin ilə mehriban qonşuluq və dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi Tacikistanın Asiya sektorundakı xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bununla belə, Tacikistan Rusiya ilə əlaqələrə də xüsusi diqqət ayırır və ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Tacikistan Qərblə münasibətlər qurarkən Çin və Rusiyanın iradəsini nəzərə almaq məcburiyyəti ilə üzləşir, buna görə də daha incə balans ipi üzərində manevrlər etmək çağırışı ilə qarşı-qarşıyadır”.

23 may 2024-cü il. Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib.

Ekspert deyib ki, Azərbaycanın Transxəzər nəqliyyat dəhlizindəki (“Orta Dəhliz”) rolu artır ki, bu da Çindən Avropaya uzanan ticari koridorların şaxələndirilməsini prioritetləşdirir:

“Tacikistan da həmin şaxələndirmə xəttində yer alaraq Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edən ölkə ola bilər. Bu mənada İlham Əliyevin Emoməli Rəhmon ilə geniş tərkibdə görüşündəki bu mövqeyi diqqət çəkir. Sitat: “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”.

Deməli, Tacikistanın indi beynəlxalq əlaqələrini şaxələndirmək xətti həm də Azərbaycanın Mərkəzi Asiyanın geosiyasi mənzərəsində böyüyə biləcək rolları ilə uzlaşdırılır. Emoməli Rəhmonun Bakıya səfərinin bu amillər fonunda strateji mənalandırılmasını qeyd etmək mümkündür”.

Turan Rzayev
Globalinfo.az