“Azərbaycan Laçın dəhlizinin əvvəlki yolunun bir hissəsindən müvəqqəti istifadəyə icazə vermişdi. Bunun müqabilində isə rəsmi İrəvan aprelin 1-nə qədər Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol da tamamilə Azərbaycanın nəzarətinə keçməli idi”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Müdafiə Nazirliyi “Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb” bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan əvvəlcədən danışıldığı üzrə yeni yolu inşa etməyib:
“Məhz buna görə də Azərbaycan qoyulan vaxta uyğun həmin yolu bağlayaraq, nəzarət məntəqəsi yaradır.
Ordumuzun Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsi faktiki olaraq Laçın dəhlizinin nəzarətə götürülməsi deməkdir. Bu həm də rəsmi Bakının dəfələrlə gündəmə gətirdiyi “Laçın yolunun Ermənistan sərhədindən başlayan hissəsində nəzarət-keçid məntəqəsi qurulmalıdır” istəyinin gerçəkləşməsinə doğru praktiki addım hesab edilə bilər”.
Turan Rzayev
Globalinfo.az














