Macarıstan Baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çinə səfərindən sonra AB liderlərinə özünün sülhməramlı missiyasının nəticələri və Budapeştin sülh təklifləri barədə məlumat verib.
Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balazs Orban deyib ki, Orbanın planı indi hər bir AB liderinin masasındadır: “Baş nazirin Kiyev və Moskvaya səfərlərindən aydın oldu ki, Ukrayna və Rusiya döyüşməkdə qərarlıdırlar. Xarici vasitəçilərin müdaxiləsi olmadan, təəssüf ki, yaxın aylarda çox ciddi dağıntılar görəcəyik”.
O bildirib ki, Macarıstan potensial vasitəçilər – Çin, Türkiyə və Donald Trampla danışıqlara başlayıb.
Orbanın təşəbbüsü fayda verəcək? Budapeştin vasitəçiliyi ilə Moskva-Kiyev danışıqlar masasına qayıdacaq?
Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Viktor Orban Aİ-nin dönəm sədri kimi vəzifəsinin öhdəsindən yaxşı gəlir:
“Bu gün kollektiv Qərbin içərisində Türkiyə və Macarıstandan başqa reallığı görən dövlət yoxdur. Rusiya-Ukrayna müharibəsi günü-gündən təhlükəli hal alır və həm Aİ, həm də NATO-ya sıçramaq ehtimalı var.
Orban maksimum dərəcədə balansı qoruyur. Onun Rusiyaya səfəri buna ən gözəl nümunədir. O anlayır ki, Rusiyanı prosesdən uzaq tutmaqla sülhə nail olmaq olmaz. Bundan başqa Orban Aİ-dən kənar ölkələr ilə də görüşlər keçirir. Misal üçün, onun Çinə səfəri bunu deməyə əsas verir.
Orban maksimum dərəcədə çalışır ki, sülh olsun. Amma onun təkliflərinə qarşı çıxan, hətta onu hədələyən qüvvələr var və bu qüvvələr aydın məsələdir ki, sülhdə maraqlı deyil.
O ki qaldı sülhə, Orbanın təklifi müsbət nəticə verə bilər, lakin bunun üçün Aİ-də fikir ayrılığı aradan qalxmalıdır”.
Turan Rzayev
Globalinfo.az














