“Bu günə qədər 15 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb: 7-nin namizədliyi təsdiqlənib, 8 nəfərin məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq”.
Bu sözləri Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, seçki üzrə mütəxəssis Vəli Əlibəyov Globalinfo.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, namizədlərin imza toplması ciddi məsələdir və inandırıcı deyil ki, 15 nəfərin hamısı bunu bacarsın:
“REAL Partiyasının sədri İlqar Məmmədov namizədlər arasına daxil ola bilər. Yəqin ki, seçkini boykot edib, özlərini müxalifət adlandıran partiyalardan da prosesə qatılmaq istəyən olacaq.
Prezidentliyə namizəd olan, olmaq istəyən şəxslər başa düşürlər ki, qalib gəlmək mümkünsüzdür, çünki İlham Əliyevin reytinqi ölkə üzrə çox yüksəkdir. Hətta ehtimala görə, İlham Əliyev rekord səs faizi ilə qalib gələcək.
Fikrimcə, namizədlər qələbə barədə düşünməsinlər, onlar üçün əsas məsələ ikincilikdir və bunun üçün fəaliyyət göstərməlidirlər.
Namizədlərin hansı fərqli platformalarda çıxış edəcəyi də maraq doğuran məsələdir. Prezident İlham Əliyevin platforması idealdır, cəmiyyəti əhatə edən məsələləri özündə əks etdirir. Digər namizədlər is populist vədlərlə səs toplaya bilərlər”.
Safura Bənnayeva
Globalinfo.az