NATO-nun Baş katibi Mark Rutte Rusiyanın hər ay Ukraynada 25-35 min arasında əsgər itirdiyini açıqlayıb. Rutte rus xalqına səslənərək, döyüşlərə qoşulacaqları halda təhlükədə olduqlarını bildirib.
NATO baş katibinin dediyi bu rəqəmlər realdırmı? Onun çağırışı ruslarda hansı psixoloji təsirlərə səbəb olacaq? Rutte bu yolla rus ordusunu hədələyir?
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya–Ukrayna müharibəsi sadəcə cəbhədə deyil, informasiya məkanında da aparılmaqdadır:
“Bu münaqişə psixoloji təsir vasitələrinin ən intensiv tətbiq olunduğu müharibələrdən biri kimi qiymətləndirilir. Odur ki, bunu hibrid müharibə adlandırmaq olar. Rusiya və Ukrayna bir-birinə psixoloji təsir göstərmək üçün bir-birilərinin itkilərini qabartmağa çalışırlar. Məsələn, Ukrayna tərəfi Rusiyanın hər ay 25-35 min nəfər əsgər itirdiyini yazır.
Rusiya mənbələri isə öz növbəsində Ukraynanın müharibənin başlanmasından indiyədək 1,8 milyon əsgər itirdiyini, o cümlədən 2026-cı ilin əvvəlindən indiyədək 246 mindən çox itki verdiyini yazır. Bu da 6 ay yarımlıq dövr üçün təqribi eyni göstərici, yəni aya 37 min insan itkisi deməkdir. Başqa sözlə, tərəflərin iddiasının doğru, yaxud yanlış olduğunu təsbit etmək mümkün deyil. İstənilən halda müharibənin ağır itkilər hesabına başa gəldiyi yetəri qədər aydındır.

Şəhla Cəlilzadə
Sadəcə insan amili deyil, eyni zamanda hər iki cəbhədə də ciddi şəkildə infrastruktur itkiləri yaşanmaqdadır. Bu, həm mülki, xüsusilə enerji, həm də hərbi infrastrukturla bağlı itkilərdir. Bununla belə Rusiya maksimalist mövqeyindən imtina etmir. Onun tələblərinin qəbul olunması – Krımın və Donbasın təhvil verilməsi, Ukraynadan Qərbin hərbi təmsilçiliyinə son verilməsi, yəni Ukraynaya Qərb tərəfindən təhlükəsizlik təminatları qismində gələcəkdə hərbi qüvvələrin yerləşdirilməsinə qarşı çıxması və s. bütün bunlar Ukraynanın suveren dövlətçiliyinin sonu demək olardı. Odur ki, Prezident Volodimir Zelenski qəti şəkildə belə bir atəşkəsə razı olmayacağını bəyan edir. Kifayəq qədər çox və ağır itkilər verilsə də, vətən torpağı, onun suveren dövlətçilik maraqları sonadək qorunacaqdır.
Qərbin hərbi-siyasi dəstəyi Zelenskinin mübarizəni davam etdirməsinə hələ ki, imkan verir. Lakin Ukrayna Rusiyanın müharibə imkanlarını məhdudlaşdırmaq üçün enerji infrastrukturunu vurduğu kimi, Rusiya da Ukraynada strateji infrastrukturları, o cümlədən hərbi yardımın daşındığı limanları, hərbi-sənaye müəssisələrini vurur. Odur ki, tükəndirmə savaşının nə zaman başa çatacağı, tərəflərdən hansının birinci mübarizə aparmaqdan yorulacağını söyləmək indiki anda qeyri-mümkündür”.
Turan Rzayev
Globalinfo.az