turist 900x506 1

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk altı ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1,09 milyon nəfər olub. Xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik ciddi geriləmə qeydə alınıb. Halbuki regionda Türkiyədə bahalaşma, eləcə də İran–İsrail/ABŞ qarşıdurması və RusiyaUkrayna müharibəsinin yaratdığı geosiyasi vəziyyət Azərbaycanın alternativ turizm istiqaməti kimi daha çox turist cəlb etməsi üçün əlverişli imkan yarada bilərdi.

Türkiyədə bahalaşma, Yaxın Şərqdə müharibə fonunda turistlərin bir hissəsini cəlb etmək üçün yaranmış fürsəti Azərbaycan niyə əldən verdi?

Globalinfo.az-a danışan turizm üzrə ekspert Tahir Kərimli deyib ki, bu geriləmənin əsas səbəblərindən biri regionda baş verən geosiyasi hadisələrdir:

“Xüsusilə İran-İsrail və İran-ABŞ qarşıdurmaları, eləcə də Yaxın Şərqdə müşahidə olunan hərbi gərginlik insanların səyahət qərarlarına ciddi təsir göstərib. Bir çox turist regiona planlaşdırdığı səfərləri ya təxirə salıb, ya da tamamilə ləğv edib. Digər mühüm amil isə aviasiya sektorunda yaranmış çətinliklərdir. Hərbi gərginlik dövründə hava məkanındakı məhdudiyyətlər səbəbindən bir sıra beynəlxalq reyslər ləğv edilib və ya marşrutları dəyişdirilib. Bunun nəticəsində uçuş müddətləri uzanıb, aviaşirkətlərin əməliyyat xərcləri artıb və aviabiletlərin qiymətləri bahalaşıb. Xüsusilə Körfəz ölkələrindən Azərbaycana birbaşa uçuşların sayının azalması və bəzi istiqamətlər üzrə reyslərin müvəqqəti dayandırılması turist axınına mənfi təsir göstərib”.

WhatsApp Image 2026 07 24 at 16.01.23

Tahir Kərimli

Ekspert bildirib ki, mövcud geosiyasi vəziyyət sabitləşdikdən, aviareyslər tam bərpa olunduqdan, aviabiletlərin qiymətləri daha əlçatan səviyyəyə endikdən və beynəlxalq tanıtım kampaniyaları gücləndirildikdən sonra Azərbaycana gələn turistlərin sayında yenidən artım müşahidə olunacaq.

Zaira Akifqızı
Globalinfo.az

 

Paylaş: