Nuran Abdullayev forumda iştirak edən azərbaycanlı rektorlara təşəkkür edib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu uğurla başa çatıb.

Bunu Globalinfo.az-a açıqlamasında Alyansın İdarə heyətinin sədri Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, forum yüksək əhval-ruhiyyə ilə keçirilib və burada çox mühüm müzakirələr aparılıb:

“Forumun gedişi və aparılan müzakirələr ümumiyyətlə bu sferada Avropada ilk dəfə olaraq təşkil olunan belə bir tədbirin yüksək təşkilatçılığından xəbər verir. Mən ilk növbədə buna görə, Alyans adından həm Diasporla İş üzrə Dövlət Komitəsinə, həm də Azərbaycanın Almaniyadakı səfirliyinə minnətdarlığımı bildirirəm”.

“Bildiyiniz kimi, Forumda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev də iştirak edirdi. Qeyd olunan ali təhsil müəssisələrinin rektorları Forumda iştirak edən mühəndisləri qazandıqları bilik və bacarıqlarla Azərbaycana dəvət etdilər. Onlar çıxışlarında da mühəndislərlə həm elmi, həm də praktiki əməkdaşlığa maraqlı olduqlarını bildirdilər. Bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmi vurğulandı. Azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlükləri diqqətə çatdırıldı. Elə Alyansın da son illərdə qarşısına qoyduğu əsas məqsədlərdən biri odur ki, fərqli sahələrdə olan peşəkar mütəxəssislərimiz Azərbaycanın inkişafı naminə öz töhfələrini verə bilsinlər. Məhz rektorların da bu istiqamətdə konkret təkliflərlə çıxış və müraciət etməsi mənim üçün olduqca sevindiricidir. Mən tədbirdə iştirak edən azərbaycanlı rektorlara nümunəvi mövqelərinə və əməkdaşlıq təkliflərinə görə öz təşəkkürümü bildirir, təklif və müraciətlərinin dəyərləndiriləcəyinə ümid edirəm”, – N.Abdullayev əlavə edib.

Qeyd edək ki, Foruma Avropadan 125 mühəndis, alim, eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri qatılıblar.

Globalinfo.az