Numan Qurtulmuş TBMM sədrliyini Baxçalıdan təhvil aldı – Foto / YENİLƏNİB


Türkiyə Böyük Millət Məclisinin yeni sədri Numan Qurtulmuş yeni postunu rəsmi olaraq bu vəzifəni müvəqqəti icra edən məclis sədri Dövlət Baxçalıdan təhvil alıb.

Baxçalı Numan Qurtulmuşa yeni vəzifəsində uğurlar arzulayıb.

***

TBMM spikerliyinə AKP və MHP-nin ortaq namizədi olan Numan Qurtulmuş yeni sədr seçilib.

Bu barədə TBMM-də səsvermənin nəticəsini açıqlayan MHP başqanı Dövlət Baxçalı məlumat verib.

***

TBMM-də ikinci tur səsverməsi keçirilib.

Burada da yeni spikeri seçmək mümkün olmayıb. Belə ki, lazım olan 400 səs toplanılmayıb.

Numan Qurtulmuş səslərinin sayını cüzi də olsa, artırsa da (321), bu kifayət etməyib. Hazırda üçüncü tur səsverməsi keçirilir.

***

Bu gün 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) sessiyasında parlamentin yeni spikerinin seçkiləri keçirilir.

Globalinfo.az xəbər verir ki, artıq seçkilərin birinci turu başa çatıb. Birinci turun nəticələrinə görə, parlamentin sədri vəzifəsinə namizəd Hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş 317 səs, Cümhuriyyət Xalq Partiyasının namizədi Tekin Bingöl isə 131 səs toplayıblar. Ümumilikdə, spikerliyə 7 millət vəkilinin namizədliyi irəli sürülüb.

TBMM-nin 30-cu sədri olmaq üçün namizədlərdən birinin 600 millət vəkilindən 400-nün səsini toplaması lazımdır. Onların ikinci turda da bu rəqəmə çatmadığı təqdirdə, seçkilərin üçüncü turu keçiriləcək. Sonuncu turda isə səslərin əksəriyyətini – 301-ni toplayan namizəd parlamentin yeni spikeri olacaq.

Qeyd edək ki, son parlament seçkilərində hakim Ədalət v İnkişaf Partiyası 268, Cümhuriyyət Xalq Partiyası 169, İYİ partiya 43, Yeni Rifah Partiyası 5, Sol Yaşıllar Partiyası 61, Xalq Hərəkatı Partiyası 50 millət vəkili yerinə sahib olublar.