Novruz bayramı ilə bağlı illərdir davam edən mübahisəli fikirlər var. Bəziləri bayramın islam dini əleyhinə olduğunu iddia edir. Hətta bir sıra radikallar sosial şəbəkələrdə Novruzun atəşpərəstlikdən qaldığını, ona görə də dinlə ziddiyyət təşkil etdiyini bildirirlər.
Reallıq nədən ibarətdir? Novruz islamın əleyhinədirmi?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, belə müzakirələr bir qrup şəxsin islam dininin mahiyyətini anlamadığını göstərir:
“İslam dininin Novruz bayramı ilə hansı konflikti ola bilər?! Bu, milli bayramdır! Hansısa inanca dayanmır. İnsan tonqalın üstündən atılırsa, oda inancını ifadə etmir. Xalq ənənəsini islam dini ilə müqayisəli şəkildə təqdim etmək problemi anlamamaq, islamı belə kiçik, mənasız məsələlərdə müzakirəyə çıxarmaq deməkdir. Novruz bayramının heç bir şəkildə dinlə əlaqəsi yoxdur. Din birbaşa inancla bağlı məsələdir”.
Deputat bildirib ki, Novruz bayramını qeyd edənlər öz adət-ənənəsini yaşadır:
“İstər Xıdır bayramı, istər çərşənbələr tarixən mövcud olmuş adətlərdir. İnancımızın islam olması o demək deyil ki, milli kimliyimizə görə hansısa ənənədən imtina etməliyik. Belə müqayisələr daha çox islama zərər vurur. Yüzlərlə insan Novruz bayramında ata-babalarının yaşatdığı ritualları təkrar etməkdən zövq alırlar. Bunlar hansısa dinə, inanca qarşı çevrilmir. Ona görə də yayılan fikirlər absurddur. Məsələnin müzakirəsi də doğru deyil”.
Zaira Akifqızı
Globalinfo.az














