Novella Cəfəroğlu İsraildə yaşayan övladları haqda danışdı: “Cəbhədədirlər”…

Novella Cəfəroğlu İsraildə yaşayan övladları haqda danışdı: “Cəbhədədirlər”...

“Həm oğlum, həm də hər iki nəvəm bu saat İsraildə müharibədədirlər. Oğlum həkim olduğu üçün yaralılara kömək edir, nəvəlirim isə orduda qulluq edirlər”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu övladlarının İsraildə gedən müharibədə iştirak etmələri haqda danışarkən deyib.

O, həyat yoldaşının milliyyətcə yəhudi olduğunu bildirib:

“Övladlarım Qarabağ üçün gəlib savaşmasalar da, arxa cəbhədə öz dəstəklərini göstərirdilər. Bu gün onlar öz ata yurdlarını qoruyurlar. Onlara “yığışın, Azərbaycana gəlin” deyə bilmərəm. Oğlum və nəvələrim İsraildə ata vətənləri uğrunda mübarizə aparırlar. Ana olaraq çox narahat oluram. Həm səhər, həm də axşam əlaqə saxlayıram, hallarını soruşuram”.

N.Cəfəroğlu deyib ki, sülh olmasa, dünyada çox cavanlar öləcək:

“Belə hallarda daha çox qadın və uşaqlar əziyyət çəkirlər. Müharibələrə sərf olunan pulları millətə, xalqa istifadə etsələr, daha gözəl olar. İnsan bu dünyadan özü ilə heç nə aparamır. Bir halda ki, o dünyaya heç nə aparmayacaqsınız, nəyin davasını edirsiniz bəs?!

Erməni bu günə kimi bizə güllə atır, azərbaycanlılara qarşı illərdir amansız mövqedə dayanıblar. Özü də heç bir günahımız olmadığı halda. Müharibəni başladanlara hər gün lənət oxuyuram. Qoymurlar insanlar dinc yaşasınlar. 30 ildən çox əziyyət çəkdik, torpaqlarımız işğaldan azad olunmasa bu əzab hələ də davam edərdi. Böyük dövlətlərin qurduğu oyundur ki, bu gün kiçik dövlətlər əziyyətini çəkirlər”.

Zaira Akifqızı
Globalinfo.az