Norveç Ukrayna ilə bağlı vacib qərar verdi

Norveç Ukrayna ilə bağlı vacib qərar verdi

“Norveç tezliklə 6 ədəd “F-16″ qırıcısını Ukraynaya təhvil verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.

O bildirib ki, NATO Şurasının iclası zamanı Norveçin müdafiə naziri Byorn Arild Qram ilə danışıqlar aparıb.  Danışıqlar zamanı nazirlər cəbhədəki mövcud vəziyyəti və Ukraynanın uzaqmənzilli silahlara olan ehtiyaclarını müzakirə ediblər. Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ilə bağlı da konkret razılaşmalar əldə olunub.

“F-16 qırıcıları ilə imkanlarımızı gücləndirəcəyik. Norveç Ukraynanı dəstəkləməyə və altı təyyarə verməyə davam edəcək. Biz Norveçi Danimarka kimi Ukraynanın müdafiə müəssisələrini birbaşa maliyyələşdirməyə dəvət etdik..Eyni zamanda Norveçi Ukrayna Silahlı Qüvvələrinin bir briqadasına təlim keçməyə və texnika ilə təmin etməyə çağırdıq. Fransa hazırda belə bir təşəbbüsü həyata keçirir”, – deyə Umerov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az