Netanyahunun hiyləgər planı: İranın 220 illik qaydasını belə dağıda bilər – TARİX

Netanyahunun hiyləgər planı: İranın 220 illik qaydasını belə dağıda bilər - TARİX

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu bildirib. Onun sözlərinə görə, Tehran zənginləşdirilmiş uranla silahlanmağa tələsir və bir ildən sonra nüvə bombasına sahib ola bilər. Netanyahu iddia edir ki, İran bu silahdan istifadə etməyə hazırdır və İsraili yer üzündən silmək niyyətindədir.

İran bir ildən sonra nüvə bombası əldə edə bilərmi? Bu, Yaxın Şərqdə və qlobal təhlükəsizlik sistemində hansı nəticələrə gətirib çıxarar?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, 1997-ci ildən bəri İsrail rəhbərləri və kəşfiyyat orqanları İranın nüvə silahı hazırlamaq üzrə son mərhələyə yaxın olduğunu iddia edirlər:

“Ancaq məsələnin mahiyyəti bundan fərqlidir. Netanyahu Tehrana qarşı axırıncı hərbi hücumdan sonra İranın raket zərbələrinin İsrailin demək olar ki, üçdə birini məhv etdiyini gördü. O başa düşdü ki, bu prosesdə məğlub olub və ABŞ-ın dəstəyinə arxalanaraq böyük risklər alıb. Lakin hədəflərinə heç bir şəkildə çata bilmədi. Nə İranın rejimi dəyişdi, nə də dövlət strukturu çökdü. Tehran Təl-Əvivin sərt zərbələrinə çox təsirli cavablar verdi. Görünür, Netanyahu bu prosesi sona qədər aparmaq istəyir, lakin bunu təkbaşına etməsi mümkün deyil. Hətta hipotetik olaraq belə bir imkanı yoxdur. Buna görə də ABŞ-ı prosesə cəlb etməyə, Vaşinqtonun öz hərbi potensialından istifadə etməsinə çalışır”.

Netanyahunun hiyləgər planı: İranın 220 illik qaydasını belə dağıda bilər - TARİX

Tofiq Abbasov

Politoloq qeyd edib ki, Netanyahu psixoloji müharibəyə keçərək, bütün dünyanı qorxudur:

“O bildirir ki, guya o, öz təhlükəsizliyini təmin etmək üçün İrana hücum edib. Tehranın böyük bir təhlükə, şər qüvvəsi olduğunu və digər oxşar arqumentləri irəli sürür. Lakin son hücumlardan sonra İranın hərbi komandanlığı tez bir zamanda öz mövqeyini möhkəmləndirdi, məhv edilmiş generalların yerinə yeni komandirlər təyin etdi. Yalnız sistem və şaquli struktur öz gücünü qoruyub saxladı, cəmiyyətdə isə artıq küçələrə axın edən insan kütlələrinin reaksiyaları müşahidə olundu. ABŞ Kəşfiyyatının rəhbəri birmənalı şəkildə bəyan etdi ki, əldə etdikləri məlumatlara əsasən, İran nüvə silahı ilə məşğul olmur, lakin nüvə sənayesini inkişaf etdirir. Bugünkü şəraitdə İsrail, ABŞ və Qərb Birliyi İrana qarşı təzyiqlərini artırır. Bu, müxtəlif diplomatik və hərbi təzyiqlər şəklində özünü göstərir.

Onlar hələ də dünyanı Tehranın nüvə bombasını hazırlamağa çox yaxın olduğuna və Yaxın Şərqi tamamilə yerlə-yeksan edəcəyinə inandırmağa cəhd edirlər. Lakin Qərbin beyin mərkəzləri bildirib ki, İran son 220 il ərzində heç bir ölkəyə hücum etməyib. Onun hərbi doktrinasında belə bir fəaliyyət yer almır. İran daim müdafiəni üstün tutur, hücum potensialı ikinci planda qalır”.

Ləman İmran
Globalinfo.az