Netanyahu Bakıya gəlir? – Detallar

Netanyahu Bakıya gəlir? - Detallar

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İsrail Today” məlumat yayıb.

Nəşr yazır ki, baş nazir səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə bir araya gələcək. Görüşdə Suriyadakı vəziyyət, Türkiyə-İsrail münasibətləri ilə yanaşı, Bakı və Təl-Əviv arasındakı əlaqələr, bir sıra regional məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

“İsrael Hayom” isə yazır ki, səfərin əsas mövzularından biri İsrail-Türkiyə gərginliyi ilə bağlıdır. Netanyahunun Ankara və Təl-Əviv rəsmilərinin qısa müddət öncə Azərbaycanda keçirilən görüşündən sonra Bakıya getməsi maraq doğurur.

Nəşr ümumi kontekstdə İsrail-Azərbaycan münasibətlərinə diqqət çəkərək, iki ölkə arasında bir çox sahələr üzrə yüksək səviyyəli əməkdaşlığın olduğunu yazır.

Görüş zamanı İranla bağlı son vəziyyət ətrafında müzakirənin də aparılacağı ehtimal edilir.

Netanyahunun Bakıya dəqiq nə zaman gələcəyi məlum deyil.

Qeyd edək ki, may ayının əvvəlində İran Prezidenti Məsud Pezeşkianın da Bakıya səfəri olacaq.

Xatırladaq ki, B.Netanyahunun Bakıya sonuncu səfəri 2016-ci ildə baş tutub.

Azərbaycan XİN-dən Axar.az-a bildirilib ki, səfərlə bağlı məlumat olacağı təqdirdə ictimaiyyətə açıqlanacaq.

Ayşən Mustafa
Globalinfo.az