toyyy

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin özündən 7 yaş kiçik şəxslə evlənməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əsas mövzu isə cütlüklər arasında yaş fərqidir. Bir qrup istifadəçi qadının kişidən böyük olmasını normal və hətta daha uyğun hesab etsə də, digərləri bunun münasibətlərdə problemlər yarada biləcəyini düşünür.  

Evlilikdə yaş fərqi önəmlidir? 

Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, evlilikdə yaş fərqi təkbaşına münasibətin keyfiyyətini müəyyən edən əsas faktor deyil:

“Psixoloji baxımdan münasibətin sağlamlığı daha çox tərəflərin emosional yetkinliyi, dəyərlərinin uyğunluğu, ünsiyyət bacarığı və həyat gözləntilərinin nə qədər üst-üstə düşməsi ilə bağlıdır. Yəni iki insan arasında bir neçə yaş fərqinin olması avtomatik olaraq problem yaradacaq və ya münasibəti daha uğurlu edəcək bir göstərici deyil. Cəmiyyətdə xüsusilə qadının kişidən böyük olduğu münasibətlər daha çox müzakirə olunur və bu, əsasən sosial stereotiplərlə bağlıdır. Uzun illər formalaşmış ənənəvi baxışda kişinin yaşca böyük olması “normal model” kimi təqdim olunub. Bu çərçivədən kənara çıxan münasibətlər isə bəzən əsassız şəkildə sual altına alınır. Halbuki yetkin yaşda olan iki insan üçün əsas məsələ yaş fərqindən çox, psixoloji uyğunluqdur”.

nizami

Nizami Orucov

Psixoloq bildirib ki, real problem yaş fərqinin özü yox, onun gətirdiyi fərqli həyat mərhələləridir:

“Məsələn, tərəflərdən biri karyera qurmaq mərhələsində, digəri isə daha sabit ailə həyatı gözləyirsə, burada fikir ayrılığı yarana, eyni şəkildə enerji səviyyəsi, sosial çevrə, gələcək planlar və valideynliklə bağlı baxışlar fərqlənə bilər. Amma bunlar açıq ünsiyyətlə həll oluna bilən məsələlərdir. Evlilik yaşının artmasına gəldikdə isə bu, müasir dövrün sosial və psixoloji reallıqları ilə bağlıdır. İnsanlar daha gec yaşda maddi və emosional sabitlik əldə edir, özünü daha yaxşı tanıyır. Bu baxımdan gec evlilik hər zaman mənfi hal deyil. Bəzən daha gec verilən qərarlar daha sağlam olur.

Evlilik üçün konkret ideal yaş yoxdur. Psixoloji baxımdan əsas meyar insanın məsuliyyət götürməyə, kompromis qurmağa, emosional bağlılıq yaratmağa və münasibətdə sabitlik qorumağa hazır olub-olmamasıdır. Kimsə 25 yaşında buna hazır ola, digəri isə 40 yaşında belə hazır olmaya bilər. Ümumilikdə yaş fərqi bir münasibətin uğurunu müəyyən etmir. Əsas olan tərəflərin bir-birini nə qədər anlayıb dəstəklədiyi və eyni istiqamətə baxa bilməsidir. Bir çox hallarda problem yaşda yox, cəmiyyətin yaşa yüklədiyi mənalarda olur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: