Nəsiman Yaqublunu kim əvəz edəcək?

Nəsiman Yaqublunu kim əvəz edəcək?

Tarixçi-professor Nəsiman Yaqublunun vəfatından sonra gündəmə gələn suallardan biri də onun missiyasını kimin davam etdirəcəyidir.

Mövzunu Globalinfo.az-a şərh edən əməkdar jurnalist Akif Aşırlının sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kifayət qədər tədqiqatçılar, araşdırmaçılar var.

O deyib ki, Nəsiman Yaqublu cümhuriyyət dönəminin ilk tədqiqatçılarından biri idi:

“Nəsiman bəy Məhəmməd Əmin Rəsulzadə ilə bağlı ilk monoqrafiyanın müəllifidir. Bizim xeyli sayda tarixçilərimiz var, sadəcə, fəaliyyətlərini, cümhuriyyətlə bağlı işlərini bəzən publikaya çatdırmaq istəmirlər. Elmi məqalələr yazır, monoqrafiyalar hazırlayır və bunu ictimaiyyələşdirmək istəmirlər. Onlar elmi dairələrdə, akademik çevrələrdə məşhurdurlar. Nəsiman müəllim hədsiz dərəcədə televiziyalarda, qəzetlərdə Azərbaycan tarixinin tanınması istiqamətində fəallıq nümayiş etdirirdi. Bu da onun həm pedaqoji fəaliyyəti, həm də maarifçilik işi ilə bağlı idi”.

Nəsiman Yaqublunu kim əvəz edəcək?

Akif Aşırlının fikrincə, Nəsiman Yaqublu cümhuriyyət dönəminin tarixi prosesləri ilə bağlı hadisələri daha geniş şəkildə insanlara çatdıra bilirdi:

“Nəsiman bəy məhz bu məsələlər görə sevilirdi, hörməti də var idi. Nəsiman Yaqublunun missiyasını kimin davam etdirəcəyini dəqiq deyə bilmərəm. Xeyli sayda tarixçilərimiz var. Sadəcə, onlar cəmiyyətdə görünmək istəmirlər. Allah Nəsiman Yaqubluya rəhmət eləsin!”

Qeyd edək ki, tarixçi alim, professor Nəsiman Yaqublu ötən gün Cəbrayıl rayonunun Quycaq kəndi ərazisində yol qəzasında həyatını itirib.

Xatırladaq ki, N.Yaqublu 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və o, Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Zaira Akifqızı
Globalinfo.az