Nərimanovla bağlı müzakirələrin məqsədi fərqlidir – Millət vəkili

Azərbaycan dövlət xadimi, yazıçı Nəriman Nərimanovun fəaliyyəti və Azərbaycan tarixindəki rolu ilə bağlı əks mövqeli müzakirələr davam edir. Xüsusilə Məhəmməd Əmin Rəsulzadənin onun bolşeviklərlə əməkdaşlığı haqqında fikirləri, Nərimanovu Azərbaycanın müstəqilliyinin can düşməni adlandırması əsas tarixi fakt kimi göstərilir. Nəticə olaraq bu müzakirələrdə müxtəlif tarixi faktlara söykənən mülahizələr daha da artır.

Mövzunu Globalinfo.az-a şərh edən professor, millət vəkili Hikmət Babaoğlu Nərimanovun Azərbaycan tarixindəki rolundan söz açıb:

“Ümumiyyətlə hər bir tarixi şəxsiyyətə onun yaşadığı dövrün şərtləri əsasında və baş verənlərin məntiqi kontekstində qiymət verilməlidir. Yalnız bu şəkildə tariximizdəki hadisələri obyektiv qiymətləndirə bilərik. Şübhəsiz ki, Nəriman Nərimanov Azərbaycan xalqının yetişdirdiyi ən parlaq simalardan biridir. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkənin Sovet İttifaqının tərkibinə müttəfiq respublikalardan biri kimi daxil edilməsi üçün böyük əmək sərf edən siyasətçi idi. Çünki həmin dövrdə ümumiyyətlə Cənubi Qafqazda Azərbaycan dövlətçiliyi və onun sərhəd hüdudları ilə bağlı çoxsaylı məsələlər müzakirə olunurdu. Azərbaycan mütləq mühafizəkar siyasi dünya görüşü mənimsəmiş sağ mərkəzçilərlə, sol orta mövqedə dayanan siyasətçilərə də yer verilməli idi. Yalnız bu körpü bizim Azərbaycan Xalq Cümhuriyyəti tariximizdən sosialist Azərbaycan tarixinə uğurlu keçid edə bilərdi. Nəriman Nərimanov burada bir rol model olaraq Azərbaycan üçün bu işləri görməyi bacardı və düşünürəm ki, əldə etdiyi nəticələr uğurlu oldu.
Nəzərə almaq lazımdır ki, Nərimanov o zaman SRRİ-ni yaratmaq istəyən bolşeviklərlə sıx əlaqə qurmağı bacarmışdı. Sosialist inqilabının banisi Vladimir Leninlə birbaşa ünsiyyət saxlayırdı. Bəzi tarixi mərhələdə sadəcə Azərbaycanın deyil, bütövlükdə Zaqafqaziya Federasiyasının taleyi də ona tapşırılırdı”.

Millət vəkili ümumilikdə bu mübahisələrin cəmiyyətin diqqətini yayındırmaq üçün aktuallaşdırıldığını bildirib:

“Ona görə də, hazırkı mərhələdə tarixdə qüsur axtararaq ictimai rəyi manipulyasiya etmək və milli enerjimizi bizə heç nə verməyəcək qısır mübahisələrə sərf etmək doğru deyil. Yəni bu gün bizim Nərimanovun şəxsiyyəti, yaxud onun siyasi mövqeyi ətrafında aparacağımız ictimai müzakirələr bizə heç nə qazandırmayacaq. Həmçinin bu mübahisələr onun Azərbaycan tarixindəki rolunu nə azaldacaq, nə də artıracaq. Nəriman Nərimanov parlaq şəxsiyyət kimi Azərbaycan xalqına xidmət edib. Görünür bu mübahisələri ortaya atanlar Azərbaycan cəmiyyətinin diqqətini bugünkü strateji hədəflərdən yayındırmaqla tarixin nəticəsiz və məzmunsuz mübahisələrinə cəlb etməkdən ibarətdir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvanda Nəriman Nərimanovun büstünün götürülməsi onun şəxsiyyəti və Azərbaycan tarixindəki rolu ilə bağlı ciddi müzakirələrin başlamasına səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az