Nemət Pənahlının qalmaqallı videosuna psixoloq və deputatdan REAKSİYA

Nemət Pənahlının qalmaqallı videosuna psixoloq və deputatdan REAKSİYA

Siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Müsavat TV-nin canlı yayımında başı üstündə dayanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu davranışına görə onu tənqid, təhqir edənlərlə yanaşı, dəstəkləyənlər də var.

Bəs görəsən, N.Pənahlının bu hərəkəti etikaya ziddirmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan psixoloq Azad İsazadə bildirib ki, sözügedən hərəkət yoqada da var və bu haqda Yutubda kifayət qədər videolar paylaşılıb:

“Ümumiyyətlə, mediada və sosial şəbəkələrdə müxtəlif növ yoqa göstərən insanlar var. Tanınmış siyasətçinin də bunu etməsində hansısa neqativ hal görmürəm.

Nemət Pənahlının həmin videosu mənim üçün maraqlı deyil, ona görə də baxmamışam. Hər insanın öz seçimi olmalıdır. Kimlərsə rəqs, kimlərsə başqa məzmunlu videolar paylaşır. Paylaşmaq sərbəst olduğu kimi, izləmək də sərbəstdir. Mən sağlamlığımda olan problemlərdən dolayı yoqa göstərə bilmərəm. Maşallah, N.Pənahlının 60-a yaxın yaşı var və bunu bacarır. Burada qeyri-etik bir şey görmürəm”.

Millət vəkili Aqil Abbas isə N.Pənahlını təhqir edənlərin yanlış hərəkətə yol verdiklərini deyib:

“Vaxtilə Nemətin sözü ilə oturub-duranlar indi onu təhqir edirlər. Bəli, bu gün onu tənqid və təhqir edənlər həmin adamlardır”.

Zaira Akifqızı
Globalinfo.az