Azərbaycan neftinin qiyməti kəskin dəyişə bilər – Rəqəm

Azərbaycan neftinin qiyməti kəskin dəyişə bilər - Rəqəm

İranın İsrail və ABŞ-la gərginlik fonunda Yaxın Şərqdəki neft-kimya sənaye obyektlərinə hücum edəcəyi istisna edilmir. Bildirilir ki, belə bir ssenari qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər. Bu isə xüsusilə neftin qiymətində kəskin artım riskini gündəmə gətirir. Digər tərəfdən, Hörmüz boğazının bağlanma ehtimalı da diqqət mərkəzindədir.

İranın bura zərbələri neft bazarına necə təsir göstərə bilər? Bu, Azərbaycan nefti üçün nə vəd edir?

Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib ki, Yaxın Şərqdə baş verən hər hansı geosiyasi gərginlik həm neft yataqları, həm də təbii qaz bazarlarına təsirsiz ötüşmür:

“Uzun illərdir ki, neftin əsas ağırlıq mərkəzi Yaxın Şərqdə formalaşıb. Regionda hərbi əməliyyatların aktiv fazaya keçməsi və coğrafi miqyasının genişlənməsi qlobal neft bazarlarındakı tədarük zəncirində ciddi problemlər yaradır. Statistikaya görə, 2025-ci ilin ilk altı ayı ərzində Hörmüz boğazından gündəlik 13,5 milyon barel neft dünya bazarlarına ixrac olunub. Bu rəqəm mövsümdən asılı olaraq dəyişə bilər. Hazırkı geosiyasi gərginlik bazarlarda təzyiqi artırır və nəticədə qiymətlərdə artım müşahidə olunur. Bazar iştirakçıları hesab edirlər ki, əgər gərginlik dərinləşərsə və hərbi əməliyyatlar genişlənərsə, neftin qiymətində sıçrayışlar qaçılmaz olacaq. Analitiklərin proqnozlarına görə, qiymətlər üçrəqəmli göstəricilərə yüksələrək 100–110 dollar intervalına çata bilər”.

Azərbaycan neftinin qiyməti kəskin dəyişə bilər - Rəqəm

Zəfər Vəliyev

Ekspert bildirib ki, İran-İsrail münaqişəsi fonunda Azərbaycan neftinin qiymətində də nəzərəçarpacaq artım müşahidə edilir:

“Eyni zamanda Azərbaycan neftinə tələbat artır. Bu prosesin yaxın müddətdə eyni templə davam edəcəyi gözlənilir. Hazırda həm neft-kimya sənayesində, həm də enerji bazarlarında qeyri-müəyyənlik hökm sürür. Bazar iştirakçıları ehtiyat edirlər ki, İranın cavab tədbirləri Hörmüz boğazının bağlanmasını da əhatə edə bilər. Bu fonda qiymətlərin daha da artacağı narahatlıq yaradır”.

Ləman Hüseynzadə
Globalinfo.az