Necə edək, küçədə bir-birimizi güllələməyək? – Çıxış yolu var, amma…

“Son günlərdə yaşanan hadisələr həqiqətən də cəmiyyətdə bir çaxnaşma yaradıb. Cinayətlərin baş verməsinin kökünə baxdıqda burada psixoloji-sosial vəziyyətin dayandığını görə bilərik. Çünki cinayətkarları araşdırdığımız zaman onlarda hansısa travmanın olduğu ortaya çıxır”.

Bu sözləri Globalinfo.az – a təhlükəsizlik eksperti Rəşad Rza son genlər ölkədə baş verən güllələnmə hadisələrinə münasibət bildirərkən deyib.

Onun fikrincə, cəmiyyətdə cinayətin artmaması üçün insanların psixoloji və sosial vəziyyəti həll olunmalıdır:

“Bunun üzərində ailə məktəbləri işləməlidir. Belə insanlar əsasən, ailələrində problem olan adamlardır. Ailə institutunu gücləndirmək lazımdır. Bu gün ictimai təşkilatların üzərinə yük düşür. Lakin təşkilat çox olsa da, fəaliyyətləri görüntüdən başqa bir şey deyil. Baş verən hadisə ümumi cəmiyyətin, hamımızın problemidir. Əgər “hadisə qonşuda baş verib, mənim nəyimə lazımdır” kimi yanaşsaq, nəticə yaxşı olmayacaq”.


Rəşad Rza

Rəşad Rza vətəndaşlara dəfələrlə müraciət etdiklərini bildirib:

“Bəli, silahlar yığılır. Hətta vətəndaşlara demişik, çəkinmədən gətirib onları təhvil versinlər. Çağırışa da müsbət yanaşılır. Buna baxmayaraq, yenə də ortaya silahlar çıxır. Bu da anlaşılandır. Çünki hər kəs bir nəfər kimi o silahları təhvil vermir axı. Burada polisdən çəkinmə, insanlara güvənməmək məsələsi də rol oynayır. Vətəndaşlar gərək, polislə dost olsunlar. Xalq polisin onları qoruduqlarını bilməlidir. Birmənalı şəkildə silahlar təhvil verilməlidir ki, sonra bu cür hallar ortaya çıxmasın”.

Ekspert deyib ki, burada güc strukturlarının üzərinə böyük bir güc düşür:

“Onlar vətəndaş qarşısında bu güvəni qazanmalıdırlar. Vətəndaş da görməlidir ki, həqiqətən də polis xalqı qoruyur. Əlbəttə, vətəndaşın da üzərinə böyük yük düşür. Bir şey də var ki, güc strukturları istər canlı qüvvə, istərsə də yeni texnikalarla təhlükəsizliyin təmin olunmasına çalışırlar. Bunlar maksimum səviyyədədir. Azərbaycanı yaxın qonşularla müqayisə etsək, görərik ki, əmin-amanlıq, sabitlik olan ölkə bizimkidir. Təəssüf ki, bu hadisələrin olması təbiidir”.

Zaira Akifqızı
Globalinfo.az