Nazirlikdən müəllimlərlə bağlı mühüm qərar – Kəskin dəyişiklik olacaq

Nazirlikdən müəllimlərlə bağlı mühüm qərar - Kəskin dəyişiklik olacaq 

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib ki, məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid nəzərdə tutulur:

“Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər”.

Məktəblərdə tam ştat iş saatının müəyyən edilməsi iki iş yerində çalışan müəllimlərə necə təsir edəcək? Repetitorluğun qarşısını nə dərəcədə alacaq? Bu proses necə tənzimlənəcək?

Globalinfo.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun sözlərinə görə, söhbət ondan gedir ki, bu prosesə sertifikasiyada yüksək bal toplayan müəllimlər cəlb olunacaq:

Nazirlikdən müəllimlərlə bağlı mühüm qərar - Kəskin dəyişiklik olacaq

Ceyhun Məmmədov

“Onlara 18 saat dərs yükü veriləcək və uyğun olaraq əməkhaqqı təyin ediləcək. Beləliklə, bu müəllimlər prosesdə birbaşa iştirak edəcəklər. Fikrimcə, şərtlər belə olsa, bu, müəllimlər üçün uğurlu nəticə verə bilər. Lakin qaydalar fərqli olarsa, müəllimlərin məktəbdən uzaqlaşmasına və tədris prosesinə mənfi təsir göstərə bilər.

Ümumilikdə düşünürəm ki, bu addım düzgün icra olunduğu təqdirdə təhsil prosesinə müsbət təsir göstərəcək”.

Təhsil eksperti Sona Əliyeva isə məsələyə belə münasibət bildirib:

“Bu model həyata keçərsə, iki iş yerində çalışan müəllimlər üçün çətin olacaq. Çünki 8–5 formatı müəllimin gününün əsas hissəsini bir məktəbdə keçirməsini tələb edəcək. Bu isə ikinci iş yerini ya məhdudlaşdıracaq, ya da tamamilə mümkünsüz edəcək.

Amma nəzərə almaq lazımdır ki, nazir bu prosesi könüllü elan edib və modeli seçənlərin maaşlarının artırılacağını bildirib. Yəni məcburi deyil, stimullaşdırıcı bir mexanizm təklif olunur. Buna baxmayaraq, yəqin ki, müəllimlər iki iş yerindən birini seçmək məcburiyyətində qalacaqlar.

Məsələnin ən çox müzakirə edilən tərəfi isə repetitorluğun azalmasına bu prosesin təsirinin olub-olmayacağıdır. Tam iş günü məktəbdə qalmaq şagirdlərlə fərdi iş üçün daha çox imkan yarada bilər. Əgər məktəbdə əlavə məşğələlər, konsultasiyalar və fənn dəstəyi rəsmi iş vaxtına daxil edilərsə, o zaman valideynlərin repetitora ehtiyacı azalacaq.

Lakin bu, yalnız o halda nəticə verə bilər ki, müəllimin məktəbdə işləməsi üçün real şərait — kabinet, resurs, sakit hazırlıq mühiti və yaxşı təşkil olunmuş infrastruktur təmin edilsin. Əks halda, proses formal xarakter daşıyacaq və repetitorlar sadəcə hazırlıq saatlarının vaxtını dəyişəcəklər.

Nazirlikdən müəllimlərlə bağlı mühüm qərar - Kəskin dəyişiklik olacaq

Sona Əliyeva

Bu modelin tətbiqi çox sadə bir prinsiplə işləyə bilər: müəllimin məktəbdə sərf etdiyi real əmək — hazırlıq, yoxlama, əlavə məşğələlər — nəhayət, əmək vaxtı kimi tanınacaq. Yəqin ki, burada əsas məqsəd nə repetitorluğa “qadağa qoymaq”, nə də müəllimi məcbur etməkdir. Ola bilsin ki, real məqsəd müəllimin işini sistemləşdirmək, məktəbləri real tədris mərkəzinə çevirmək və müəllimin pedaqoji fəaliyyətini dəyərli etməkdir.

Əgər bu proses şəffaf, ədalətli və könüllü mexanizmlə tətbiq olunarsa, məktəblər güclənəcək, müəllim peşəsinin nüfuzu artacaq, həmçinin repetitorluq ehtiyacı da buna mütənasib olaraq azalacaq. Yox əgər proses yalnız forma dəyişmək üçün həyata keçirilərsə, nəticə verməyəcək”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə qeyd edib ki, müəllimlərin dərs saatı əsasında deyil, iş saatı üzrə məktəbdə qalması modeli təhsil sistemində funksional, hüquqi və iqtisadi baxımdan çox köklü bir transformasiyadır və bu addım həm əmək münasibətlərinin məzmununu, həm də məktəbin gündəlik fəaliyyət strukturunu dəyişdirəcək:

“Hazırkı model müəllimin əməyini yalnız dərs saatına görə qiymətləndirir və “görünməyən əmək” adlanan böyük həcmli fəaliyyət – metodik hazırlıq, qiymətləndirmə, fərdi iş, valideynlərlə ünsiyyət, layihə idarəetməsi – faktiki olaraq ödənişsiz qalır. Əmək Məcəlləsinin 89-cu maddəsində iş vaxtının yalnız dərsi deyil, bütün peşə fəaliyyətini əhatə etməli olduğu göstərildiyindən, yeni model hüquqi baxımdan daha adekvatdır və müəllimin əmək funksiyasını real məzmunla uzlaşdırır.

Statistik faktlar göstərir ki, müəllimin real iş yükünün yalnız 35–40%-i dərs saatları ilə bağlıdır, qalan 60%-i isə məktəbin əhatə etdiyi pedaqoji, psixoloji və metodik fəaliyyətə sərf olunur. OECD ölkələrində müəllim həftədə orta hesabla 38–42 saat məktəbdə olur, bunun yalnız 16–19 saatı dərsdir. Finlandiya, Estoniya və Portuqaliya da bu modeldən istifadə edir və həmin ölkələrdə repetitorluq bazarı 20–30% daha kiçikdir. Bu müqayisə göstərir ki, iş saatı modeli təhsildə daxili resursların daha səmərəli idarə edilməsinə səbəb olur və məktəbin özündə fərdi dəstək mexanizmlərini gücləndirir. Azərbaycan bu modelə keçməklə beynəlxalq təcrübəyə uyğun bir islahat mərhələsinə daxil olur və Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar sistemin peşəkarlaşdırılması baxımından müsbət qiymətləndirilir.

İki iş yerində çalışan müəllimlərə təsir məsələsi həm hüquqi, həm də əməli mexanizmlərlə müəyyən ediləcək. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçinin yalnız bir əsas iş yeri ola bilər və əlavə iş yeri iş vaxtı ilə ziddiyyət təşkil etməməlidir. Tam iş saatı modeli tətbiq edildikdə, ikinci iş yerində işləmək üçün vaxt resursu azalır və bu da müəllimlərin paralel işlərdən uzaqlaşmasına səbəb olacaq. Bu proses real kadr mənzərəsini daha şəffaf göstərəcək və məktəblərdə boş dərslərin doldurulması daha sistemli şəkildə həyata keçiriləcək. Əlavə gəlir imkanlarını itirən müəllimlər üçün adaptasiya mərhələsi çətin ola bilər; lakin müsbət tərəfi odur ki, əsas işdə stabil maaş, sosial təminat və daha sistemli fəaliyyət təmin ediləcək”.

Ekspertin sözlərinə görə, repetitorluğun azalması isə dolayı yolla baş verəcək:

“Dünya təcrübəsi göstərir ki, müəllimin məktəbdə daha uzun müddət olması şagirdlərə əlavə fərdi məşğələlərin məktəb daxilində təşkili üçün şərait yaradır. Estoniyada “məktəb daxili fərdi dəstək saatları” tətbiq edildikdən sonra repetitorluğa müraciət 23% azalıb; Portuqaliyada müəllim iş saatının 25%-ni fərdi dəstəyə ayırdıqdan sonra valideynlərin ödənişli hazırlığa xərcləri orta hesabla 18% azalıb. Azərbaycanda da bu model tətbiq edildikdə, xüsusilə ibtidai və aşağı siniflərdə repetitorluq bazarı ciddi şəkildə darala bilər, çünki müəllim şagirdin çatışmayan bacarığını məktəbdə öz iş saatı çərçivəsində kompensasiya edəcək.

Nazirlikdən müəllimlərlə bağlı mühüm qərar - Kəskin dəyişiklik olacaq

Kamran Əsədov

Nazirin “könüllü olacaq və bunu seçənlərin maaşı artacaq” mesajı əmək münasibətlərinin müqavilə əsasında tənzimlənməsinə uyğun gəlir. Əmək Məcəlləsinin 16.1-ci maddəsi əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə biləcəyini göstərir və bu baxımdan könüllülük prinsipi tam hüquqi əsasda həyata keçirilə bilər. Maaş artımı isə motivasiya mexanizminin əsas elementidir. Bu model müəllimlər arasında yeni bir seçmə funksiyası yaradır: daha peşəkar, daha hazırlıqlı və məktəblə daha bağlı olmaq istəyən müəllimlər tam iş saatına keçəcək və yüksək maaş alacaq; digərləri isə adi dərs yükü ilə işləməyə davam edəcək. Bu isə keyfiyyətin yüksəlməsinə səbəb olan təbii filtr funksiyası yaradır.

Tənzimləmə mexanizmlərinin yeni normativ sənədlərlə dəqiqləşdirilməsi vacibdir. Məktəbdə müəllimin iş saatı çərçivəsində hansı fəaliyyətləri görəcəyi, bu fəaliyyətlərin hesabat mexanizmi, məktəb rəhbərliyinin nəzarət modeli, pedaqoji fəaliyyətin monitorinqi və s. məsələlər ayrıca qaydalarla müəyyən edilməlidir. Dəyişikliyin effektiv olması üçün məktəblərdə müəllim otaqları, metodik kabinetlər, fərdi məşğələ otaqları və resurs mərkəzləri kimi infrastruktur da gücləndirilməlidir. Bu proses həm də məktəblərin idarəetmə modelini yeniləməyi zəruri edir.

Hesab edirəm ki, əsas məsələ müəllimin məktəbdə fiziki olaraq daha çox mövcud olması, şagirdə ayrılan vaxtın artması və məktəblərin real pedaqoji mühitə çevrilməsidir. Dəyişməli olan isə repetitorluğun səbəbləridir – zəif məktəb mühiti, fərdi dəstəyin çatışmazlığı, nəticəyə yönəlmiş mexanizmlərin olmaması – bunlar məktəb daxilində həll edilməlidir. Nazirliyin bu istiqamətdə apardığı işlər – müəllim əməyinin şəffaf ölçülməsi, yeni motivasiya modellərinin tətbiqi, keyfiyyətə bağlı maaş sistemi – müasir təhsil idarəçiliyinə uyğun, əsaslandırılmış və müsbət addımlardır.

Elm və Təhsil Nazirliyinin yanaşması həm qanunvericiliyə, həm beynəlxalq praktikalara, həm də real ehtiyaclara uyğun olduğundan, bu model uzunmüddətli perspektivdə müəllim peşəsinin nüfuzunu, məktəbin funksional gücünü və təhsilin keyfiyyətini artıracaq”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Nazirlikdən müəllimlərlə bağlı mühüm qərar - Kəskin dəyişiklik olacaq

Safura Bənnayeva
Globalinfo.az