Nazirlik onların həbsinə imkan vermir – Qurbanların sayı artır

Nazirlik onların həbsinə imkan vermir – Qurbanların sayı artır

Son zamanlar ölkədə estetik əməliyyatlardan sonra ölənlərin sayı artır. Bu isə ictimaiyyətdə haqlı narahatlığa səbəb olur. Həkim qurbanı olanlardan biri də Nəzrin Mansurludur. Artıq onun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən Sənan Mehdiyev saxlanılıb.

İndiyədək əməliyyatsonrası baş verən ölüm hallarına görə həbslər ola bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, həkim səhvləri ilə bağlı qanunvericilikdə konkret maddə yoxdur.
O deyib ki, lakin araşdırma və istintaq aparıla bilər:

“Bu, Cinayət Məcəlləsinin 314-cü, yəni səhlənkarlıq maddəsi ilə, bəzən isə 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddə ilə tövsif edilir. Konkret halda həkim o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, burada ölümlə bağlı səbəbli nəticə olsun. Əgər ölümə səbəb varsa və ölüm konkret həkimin səhvi nəticəsində baş veribsə, bu zaman həbs mümkündür. Amma ümumi götürdükdə qəbul olunmuş beynəlxalq və Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş protokollar mövcuddur. Ona əsasən də xəstə əməliyyata girməmişdən öncə bəzi yoxlanışlardan keçməlidir. Bəzən xəstədə protokollardan kənar hər hansı bir xəstəliyin olması mümkündür. Təbii ki, bununla bağlı məhkəmə tibbi ekspertizası, daha sonra komissiya məhkəmə tibbi ekspertizası keçirilir. Baş vermiş ölümlə həkimin əməli arasında səbəbli əlaqə mövcud olarsa, o zaman həkimin cinayət məsuliyyətinə cəlb edilməsindən söhbət gedə bilər”.

Nazirlik onların həbsinə imkan vermir – Qurbanların sayı artır

Şamil Paşayev

Ş.Paşayevin dediklərinə görə, Azərbaycanda həkim səhvinə görə məsuliyyətə cəlb edilmə azdır:

“Demək olar ki, həkim səhvinə görə məsuliyyətə cəlb olunan yoxdur. Çünki həkimlər Səhiyyə Nazirliyinə tabedir, onlar tərəfindən sertifikatlaşdırmadan keçirlər, lisenziyalar verilir, həkimlərlə bağlı nazirlik tərəfindən qiymətləndirilmə aparılır və s. Onlar bilavasitə Səhiyyə Nazirliyinə tabedir. Eyni zamanda həkim səhvini üzə çıxarmalı olan ekspert rəyini verən qurum da Səhiyyə Nazirliyinə tabedir. Burada istər-istəməz maraqların toqquşması var. Belə olan halda həkimin məsuliyyətə cəlb edilməsi kifayət qədər az olur”.

Zaira Akifqızı
Globalinfo.az