Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevin vəfatı ilə bağlı nekroloq yayıb.
Globalinfo.az xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayev 10 noyabr 2023-cü il tarixində, 78 yaşında vəfat edib.
Mobil Rəşid oğlu Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə daxil olub. 1964-cü ildə bu məktəbi viola və bəstəkarlıq (Nazim Əliverdibəyovun sinfi) üzrə başa vurub. Həmin ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) viola ixtisası üzrə təhsilini davam etdirib.
M.Babayev 1973-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Burada musiqi redaktoru, daha sonra baş redaktor vəzifələrində çalışıb. O, eyni zamanda 20 ildən çox Azərbaycan Televiziyasında Estrada-caz şöbəsinin musiqi redaktoru vəzifəsində işləyib, “Caz həvəskarları klubu” verilişinin musiqi redaktoru olub.
Cövdət Hacıyev bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan M.Babayev müxtəlif janrlarda çoxsaylı əsərlərin – 5 simfoniya, simfoniya-rekviyem, simfonik poema, fortepiano və kamera orkestri üçün konsert, viola və orkestr (kamera və simfonik) üçün 2 konsert, 3 oratoriya, 2 kantatanın müəllifidir. 50-dən çox bədii (“Pəncərə”, “Babamızın babasının babası”, “Mezozoy əhvalatı” və s.), sənədli, elmi-kütləvi və cizgi filminə musiqi yazıb. O, həmçinin caz orkestri və estrada simfonik orkestri üçün çoxsaylı kompozisiyaların, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnının müəllifi kimi tanınır. Bəstəkarın simfonik və vokal-simfonik əsərləri milli-mənəvi, fəlsəfi və ideoloji dəyərlərin təcəssümü baxımından diqqəti çəkir. “Ömür bitər, yol bitməz” simfoniyası, “12 not – dünən, bu gün” simfonik poeması, “İnsan”, “Bu dünya” oratoriyaları, xor və simfonik orkestr üçün “Mən bu yerdən gedəli”, “Ölüm qara qarışqadır” kompozisiyaları, “Ömür geri dönə bilsə”, “İblis”, “Bu qatar” mahnıları və s. bu baxımdan diqqətə layiq nümunələrdir. “Məmləkətimi sevirəm” kantatası, “Ağlama, torpağım, ağlama” oratoriyası, “Qarabağ” simfoniyası, “Çanaqqala” simfoniya-rekviyemi, “Qalx, Vətən” mahnısı müəllifin milli-ideoloji düşüncə tərzinin göstəricisidir.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən bəstəkar dövlət başçısının sərəncamları ilə 2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına və 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Görkəmli bəstəkar, səmimi insan Mobil Babayevin işıqlı xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaq.
Allah rəhmət eləsin”.