Nazirlər Kabinetinin 1 milyon tələb olunan məmuru danışdı

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb olunması haqda məlumat yayılıb.

Bildirilib ki, Xələfov Vahid Əlisafa oğlu adlı şəxs Hikmət Xəlilovdan külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb. V.Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovla əlaqə saxlayıb.

H.Xəlilov əməkdaşımıza kobud cavab verərək, danışmaq istəmədiyini bildirib:

“Məsələ məhkəmədədir. Məhkəmənin qərarı olandan sonra danışarıq. Qanunla kiməsə birbaşa zəng etməyə heç kimin ixtiyarı yoxdur. Şəxsi nömrəyə zəng etmək qanunla qadağandır. Mənim nömrəmə yalnız mən icazə verdikdən sonra zəng etmək olar”.

H.Xələfovun dediyi sözlərin qanunla qadağa olub-olmamasını dəqiqləşdirmək üçün Globalinfo-nun əməkdaşı hüquqşünas Şamil Paşayevlə əlaqə saxlayıb.

O, belə bir qanunun olmadığını bildirib:

Şamil Paşayev

Şamil Paşayev

“Belə hallarda məmurlar daha duyarlı olmalıdırlar. Onlar ictimaiyyətə daha çox açıq olmalıdır. Hər hansı bir şəxsin, məmurun, deputatın şəxsi telefonuna zəng etmək Azərbaycan qanunvericiliyində qadağan deyil, cinayət və inzibati pozuntu yoxdur. Əksinə, konstitusiyanın və qanunvericiliyin tələbinə əsasən, kiməsə birbaşa zəng etmək medianın, həmçinin jurnalistin birmənalı olaraq hüququdur. Buna görə də, hər hansı bir kəsin şəxsi mobil nömrəsinə zəng etməsində qanunazidd əməl yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az