Naxçıvanla bağlı kritik qərar verildi: Talıbovların 27 illik əcaib “qalaları” dağıdılır

Naxçıvanla bağlı kritik qərar verildi: Talıbovların 27 illik əcaib “qalaları” dağıdılır

Naxçıvanla bağlı islahatlar fonunda Ali Məslisinin ləğvi gündəmi zəbt edən mövzulardandır. Bir zaman ölkənin əsas siyasi institutlarından olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin ləğvi və bunun üçün gərəkli olan hüquqi prosedurlar indi müzakirə predmetinə çevrilir.

Məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Globalinfo.az-a bildirib ki, Naxçıvan Ali Məclisinin indiyə qədərki qanunvericilik fəaliyyəti ilə bağlı təəssüf ki, optimal fikir söyləmək çətindir:

“Çünki Ali Məclisin fəaliyyəti sırf qanunvericilik müstəvisində fokuslanmadı, əlavə olaraq icra fəaliyyətlərini də öz üzərinə götürdüyü ilə bağlı ciddi faktlar var. Bu illər ərzində Muxtar Respublikanın yerli mərkəzi hakimiyyət orqanlarının fəaliyyəti formal xarakter daşıyıb. Bütün icra hakimiyyəti funksiyalarını Ali Məclis və onun aparatı həyata keçirib.

Buna görə də Ali Məclisin qanunvericilik müstəvisində xalis və səmərəli fəaliyyətindən danışmaq mümkünsüzdür. Ona görə ki, qanunla parlament üçün klassik mənada müəyyənləşdirilmiş qanunvericilik fəaliyyəti ilə icraçılıq səlahiyyətləri əslində bir-birinə qarışdırılıb. Ali Məclis nə sırf qanunverici orqan kimi, nə də sırf icra hakimiyyəti sistemi kimi fəaliyyət göstərə bilib. Bu gün MR-da yaranmış vəziyyət bir daha sübut edir ki, bu həm də Ali Məclisin simbioz və əcaib bir quruma çevrilməsinin nəticəsi olub.

Bundan sonra hansısa bir müddət Ali Məclis öz fəaliyyətini davam etdirəcəksə, ilk növbədə onun qanunvericilik fəaliyyəti icra funksiyalarından tam şəkildə ayrılmalıdır. Bu halda hansısa səmərədən, aydınlaşmadan danışmaq mümkündür”.

A.Quliyev Ali Məclisin özünün bir əyalət parlamenti olaraq qalıb-qalmaması məsələsindən danışarkən deyib ki, bunu Naxçıvanın muxtariyyət statusu çərçivəsində nəzərdən keçirmək lazımdır:

“Əgər bu gün Naxçıvanın muxtariyyəti mübahisə mövzusu deyilsə, onun aradan qaldırılması ilə bağlı rəsmi müzakirə yoxdursa, təbii ki, parlamentlə bağlı belə bir müzakirə olmayacaq. Amma əgər muxtariyyət statusunun özündə islahatlara ehtiyac olacaqsa, yəni o, aradan qaldırılacaqsa, onda birmənalı şəkildə yerli parlamentə ehtiyac qalmayacaq.

Hazırda MR-nın bütün icra hakimiyyəti sistemlərinin Bakıya, mərkəzi hakimiyyət orqanlarına tabe etdirildiyi bir şəraitdə onun muxtar qurum olaraq daxili idarəçilikdə muxtar səlahiyyətlərini yerinə yetirən yeganə orqan kimi parlament qalacaq. Ancaq əgər Naxçıvanın muxtar statusu aradan qaldırılacaqsa, onun daxili idarəçilikdə nə muxtariyyətə, nə də yerli parlamentə, yəni Ali Məclisə ehtiyacı qalmayacaq. Bir sözlə, Ali Məclisin qalıb-qalmaması Naxçıvanın muxtar statusuna bağlı məsələdir”.

Qeyd edək ki, Aydın Quliyev 1998-ci ilədək Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, Naxçıvan Ali Məclisində şöbə müdiri vəzifələrində işləyib.

Gülnar Səlimova
Globalinfo.az