“Türkiyə NATO ölkəsidir və təşkilatın nizamnaməsinin 5-ci maddəsinə görə, üzv ölkələrdən birinə xarici hücum gerçəkləşərsə bütün NATO ölkələri hücuma məruz qalan ölkəyə dəstək verməlidir. NATO tarixində 5-ci maddənin icrası yalnız bir dəfə Nyu-York şəhərindəki əkiz qüllələrə və Pentaqona edilən terakt sonrası baş verib”.
Bu sözləri Globalinfo.az-a Türkiyənin tanınan hərbi eksperti Abdullah Ağar Ankaranın Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlar və əməliyyatların hüquqi əsasları haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu gün NATO daxilində Türkiyəyə qarşı ikili standartlar tətbiq edilir:
“Türkiyə təşkilatın ikinci ən böyük ordusuna sahibdir. Türkiyə 1952-ci ildən üzv olduğu NATO üçün sözün əsl mənasında hər şey edib. Lakin rəsmi Ankaranın terrorizmlə mübarizəsində NATO nədənsə səssizliyini qoruyur. Faktiki olaraq Türkiyə NATO müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir və bu da öz növbəsində alyansla münasibətlərdə etimad böhranı yaradır.
Bu gün Türkiyəyə hücum edən YPG/PYD/PKK terror təşkilatı başda ABŞ olmaqla, bəzi NATO ölkələri tərəfindən qorunur, himayə edilir, maliyyələşdirilir, təlim keçirilir, hətta təşkilatlandırılır. Qeyd etdiyim terror təşkilatlarına Türkiyə qarşılıq verdikdə isə haqsız olaraq göstərilir.
ABŞ-ın eks prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə Türkiyəyə göndərilən vitse-prezident Mayk Pens ilə imzalanan razılaşmaya görə, terror təşkilatları tərkisilah edilməli və Türkiyə sərhədindən 30 kilometr geriyə çəkilməli idi. Ancaq verilən digər vədlər kimi rəsmi Vaşinqton bu vədi də yerinə yetirməyib”.
A.Ağarın sözlərinə görə, Qərb ölkələri İŞİD-lə apardığı mübarizəni nəzərə alıb Türkiyənin 30 ildir PKK, YPG, PYD terror təşkilatı ilə mübarizəsini başa düşməlidir:
“İŞİD daşıdığı radikal dəyərlər ilə region üçün nə qədər təhlükəlidirsə, PKK, YPG, PYD də kürd kimliyini ön plana çəkib əslində isə marksist, leninçi ideyaları ilə regiona bir o qədər təhlükəlidir. İstər NATO ölkələri, istər Rusiya Türkiyənin bu terror təşkilatı ilə mübarizəsini anlayış ilə qarşılamalı və maneə yaratmamalıdır”.
Turan Rzayev
Globalinfo.az