NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir

NATO-nun Baş katibi Yens Stoltenberq 17-19 mart tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. İndiki həssas dönəmdə bu səfərin məqsədi və nəticələri haqda müzakirələr başlayıb.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov deyib ki, bu səfər müxtəlif prizmalardan təhlil edilir:

“Bəzisi Baş katibin bu vəzifədə regiona son dəfə səfər etdiyini vurğulayır və üç respublikanın NATO ilə münasibətlərinə bir daha aydınlıq gətirmək istədiyini bildirir. Bir sıra mütəxəssislər isə bu ilin oktyabr ayında onun vəzifədən getməsinin bu hərbi blokun region ölkələri ilə münasibətdə siyasətinə ciddi təsir etməyəcəyini bildirmək üçün gəldiyini düşünür”.

Politoloqun sözlərinə görə, regionda gedən prosesləri dərindən bilən mütəxəssislərin bəziləri isə Baş katibin turnesinin Cənubi Qafqaz ölkələrini Ukraynaya yardım məsələsində daha fəal olmağa həvəsləndirmək məqsədi daşıdığını vurğulayır:

“Düşünürəm ki, sonuncu hipotez həqiqətə daha yaxındır. Bildiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi sahədə yardım etməsi ciddi şəkildə məhdudlaşdırıldıqdan sonra bu yük NATO-nun Avropadakı üzvlərinin üzərinə düşdü.

Avropa ölkələri içərisində də məlum olduğu qədər Ukraynaya yardım məsələsində yekdil fikir yoxdur və ölkədən ölkəyə silah yardımına münasibət bəzən bir-birindən ciddi fərqlənir. Amma bu fərqlər olmasaydı da Ukraynanın Avropadakı müttəfiqləri ona Rusiya ilə qalib gəlməyə imkan verəcək miqdarda silah verməyə hazır deyillər. Bu silahlar sadəcə onların arsenalında yoxdur. Belə olan təqdirdə NATO bir hərbi blok kimi, Yens Stoltenberq də bu bloka 10 il rəhbərlik etmiş Baş katib kimi çox çətin durumdadırlar. Buna görə də Baş katibin səfəri Cənubi Qafqaz respublikalarından da Ukraynaya hər hansı formada olursa-olsun, yardım xahişini etmək məqsədi daşıdığını düşünürəm.

O, region ölkələrinə bir daha deyəcək ki, yenidən Rusiyanın boyunduruğu altına düşmək istəmirsinizsə, Ukraynanın yanında olun və onu bacardığınız qədər müdafiə edin”.

Turan Rzayev
Globalinfo.az